Ölkənin fiskal siyasəti bərbaddır-AÇIQLAMA

Bölmə: İqtisadiyyat › ,
Tarix: 18:02 03.01.2024

Dünya bazarinda ‘’Azeri light’’ markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1,37 dollar və ya 1,68% azalaraq 80,19 ABŞ dollarına yüksəlib. Bəs bu hal Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

 

Məsələ ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov informator.az-a verdiyi açıqlamada bildirib ki, əslində Azərbaycan iqtisadiyyatı neftin qiymətinin oynamasından asılı deyil. 

 

‘’Azərbaycan iqtisadiyyatını neftin asılılığından qoruyan bir mexanizm var. Bu neft fondudur. Neft fondunun birinci rolu Azərbaycan iqtisadiyyatının neftdən asılılığını təcrid etməkdir. Neftin gəlirləri neft fondunda formalaşır. Neft fondunun ikinci rolu odur ki, neftin Azərbaycan iqtisadiyyatında aktivliyi azalanda oradan transferi artırmalıdır əksi olduqda azaltmalıdır’’.

 

Elçin Rəşidov qeyd edib ki, ‘’Azeri Light’’ markalı neftin ucuzlaşması hansısa vergilər formasında Azərbaycan iqtisadiyyatına daxil olmaları azaldarsa, neft fondundan daxil olmalar bunu konpensasiya etməlidir.

 

"Və ya əksinə, vergilər normadan yuxarı qalxarsa neft fondunun transferləri azaltması ilə bunu qorumalıdır, sabitliyi saxlamalıdır. Reallıqda isə bu baş vermir, bunun səbəbi neft fondu deyil, yanlış siyasətdir".

 

Ekspert həmçinin bildirib ki, hazırda Azərbaycan manatının taleyi Amerika valyutasına pərçim olunub. 

 

"Və bununlada mərkəzi bank həmdə inflasiyani cilovlamağı əsas strateji xətti götürüb hansı ki, ikisini bir arada etmək mümkün deyil. Riyazi anlamda qeyri-mümkün hadisəni ölkəyə ‘’Azərbaycan iqtisadiyyatına humanitar yardım’’ adı altında yeridir".

 

Elçin Rəşidovun sözlərinə görə, ölkənin fizikal siyasəti bərbaddır. 

 

"Neft fondu stabilliyi qorumur. Yuxarıda qeyd etdiyimiz hallar baş vermir. Əksinə olaraq, neftin qiymət ucuzlaşanda transferdə azalır, artıqda isə o da artır".

 

Ekspert əlavə edib ki, iqtisadiyyatın stabilliyi darmadağın olub. 

 

"Ona görə də, uzunmüddətli gözlədiyimiz inkişafda Azərbaycanda baş vermir. Azərbaycanda əhalinin gəlirləri digər neft istehsal edən ölkələrin gəlirlərindən azdır. Neft istehsalına baxmayaraq, gələcəkdə bu vəziyyətin davam etməsi də gözlənilir’’.

 

Müsahib sonda vurğulayıb ki, neft fondu Azərbaycan iqtisadiyyatını qiymətlərin oynamasından qoruyur, neftin qiymətinin oynamasından təcrid edir, ölkənin stabilliyini təmin edir. Lakin, daxili siyasət və qaydaların olmaması buna imkan vermir. 

 

"Neft fondunun öz faydalarını həyata keçirməsi uğursuz olur. Ona görə də, iqtisadiyyat neftin qiymətinin oynamasına görə oynayır. Eyni zamanda inflasiya ilə mübarizə qeyri-effektivdir, ölkənin xərcləmələri səmərəsizdir, gələn pullar havaya sovrulur. Dünyada iqtisadiyyatı böyüməsini təmin edən fondlar olduğu halda, bu bizdə mövcud deyil’’.

 

Sevinc Yarməmmədova