Qızılın qiyməti artacaq?-AÇIQLAMA

Bölmə: İqtisadiyyat › ,
Tarix: 16:32 04.01.2024

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0.49% artaraq 2,052.50 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0.21% artaraq 23.21 dollar təşkil edib. Bəs bu artımlar Azərbaycanda qızılın qiymətinə necə təsir edəcək?

 

Məsələ ilə bağlı informator.az-a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası"nın sədri Toğrul Abbasquliyev bildirir ki, ümumiyyətlə zərgərlik məmulatlarının qiymətlərinin formalaşmasında 2 amil rol oynayır:

 

"Bu amillər məmulatın tərkibindəki qiymətli metalların qiyməti, və onun hazırlanmasına sərf edilən işçinin qiymətidir. İşçinin qiyməti demək olar ki, uzun illərdir, stabil olaraq qalır, dəyişmir. Yəni zərgərlik məmulatının çətinliyindən və fərqliliyindən asılı olaraq, 3-10 dollar və ya 15-20 dollar arası qiymət formalaşır".

 

Toğrul Abbasquliyev qeyd edir ki, qiymətli metalların qiymətinə gəldikdə isə gümüş bəllidir; kifayət qədər ucuz metaldır, orada ciddi fərq olmur. Qızıl 2019-cu ildə COVİD-ə qədər qızılın birja qiyməti stabil idi, 1 qramı 40-42 dollar idi. Pandemiya başlayanda qiymət artımı müşahidə edildi və 60-62 dollara qədər qalxdı. 

 

"Yəni son zamanlarda 58-62 dollar civarında dəyişirdi. Bir neçə dəfə olub ki, çox qısa bir müddətdə 65-66 dollara qədər qalxıb. Amma bir aya yaxındır ki, 65-66 dollar civarında qızılın qiyməti dayanıb və bu kifayət qədər ciddi bir müddətdir".

 

Azərbaycan Zərgərlər Assosiasiyası"nın sədri əlavə edir ki, ekspert rəylərinə əsasən, qızılın birja qiymətinin artacağı gözlənilir. 

 

"Belə davam etsə, təbii ki, zərgərlik məmulatlarının da qiymətinə təsir edəcək. Amma qısamüddətli olsa, yəni bir müddət sonra düşsə, inanmıram ki, bu qiymət təsirini istehlakçılar hiss etsinlər". 

 

Toğrul Abbasquliyevin sözlərinə görə, gələcəkdə artımın zərgərlik məmulatlarına təsirinə gəldikdə isə təbii ki, hər dəfə birjada 1 qramın qiyməti dəyişdikdə zərgərlik məmulatlarına təsir edir.

 

"Yəni orada qiymət dəyişimi təsir etməsi üçün 50 sent-1 dollar dəyişməlidir ki, məmulatın istehlak qiymətində biz onu müşahidə edə bilək. Amma çox kiçik rəqəmlərlə artdıqda biz bunu qiymətlərdə görmürük".

 

Aynur Babayeva