Yerli istehsalımız yox səviyyəsindədir -İqtisadçıdan ETİRAZ

Bölmə: İqtisadiyyat › ,
Tarix: 16:34 05.01.2024

"Azərbaycanın Qərbdə ticarət etdiyi ölkələrə baxanda biz Qərbə əsasən neft-qaz satırıq. Ümumiyyətlə Azərbaycanın ticarət dövriyyəsində İtaliya həmişə birinci yerdə olur, 45% ixracımız İtaliyaya gedir. Bu ölkələrin sırasında Yunanıstan, Çexiya, İspaniya var ki, əhəmiyyətli rol oynayırlar".-Bu sözləri informator.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli söyləyib.

 

O bildirib ki, Azərbaycanın ixracının 90%-i neft-qazdır. 

 

"Qazı Cənub Qaz dəhlizi vasitəsilə, nefti isə Bakı-Tbilisi-Ceyhan vasitəsilə satırıq. Bunun da alıcıları müxtəlif ölkələrdir. Məsələn, İsrail və Türkiyə əsas neft alıcılarımızdandır".

 

Ekspert qeyd edib ki, qeyri-neft ixracımız isə əsas bazarları Rusiya, Belarus, Gürcüstan, Türkiyə, İsveçrə və s. ölkələrlə aparılır. 

 

"İsveçrəyə qızıl satırıq. Qərb ölkələrinə qeyri-neft sata bilmirik, ancaq xammal satırıq. Hazır məhsul, yaxud kənd təsərrüfatı məhsulları demək olar ki, çox güclü satılmır".

 

Xalid Kərimli Qərblə ticarəti inkişaf etdirməyin yollarından danışıb.

 

"Hökümət enerji proyektləri irəli sürür. Bunun özü bir istiqamətdir. Neft-qazla yanaşı həm də elektrik enerjisi satmaq planlaşdırılır. İnkişaf üçün rəqabətdə əmək bazarı lazımdır, kapital bazarının inkişaf etdirilməsi lazımdır. Sahibkarların əlində pula çıxışı rahat olmalıdır".

 

Ekspertin sözlərinə görə, yerli istehsalımız yox səviyyəsindədir

 

"Texnologiya sata bilmirik, çünki özümüzün texnologiyamız yoxdur. Sənaye məhsulları demək olar ki, yox səviyyəsindədir. Nəsə ixrac etmək üçün gərək yerli iqtisadiyyat inkişaf etdirilsin".

 

Aynur Babayeva