Dünya iqtisadiyyatında hökmranlıq Asiya regionuna keçir?-AÇIQLAMA

Bölmə: İqtisadiyyat › ,
Tarix: 11:07 12.02.2024

Macarıstan baş naziri Viktor Orban bildirib ki, Qərbin dünya iqtisadiyyatında hökmranlığı dövrü başa çatıb və onun ağırlıq mərkəzi Asiya regionuna keçir.

 

Bu barədə iqtisadçı ekspert Xalid Kərimli informator.az-a açıqlamasında bildirib ki, bəli, Şərq sürətlə inkişaf edir. 

 

"Çin nominal ÜDM-in(ümumi daxili məhsul) həcminə görə hazırda dünyanın ikinci iqtisadiyyatıdır, Hindistan isə beşinci yerdədir. Amma pulun alım gücünə görə Çin hələ də dünyanın birinci iqtisadiyyatıdır, ABŞ-ı keçib. Çinin uzunmüddətli iqtisadi artımı 6%-dən çox olub, indi də 5%-dən çox gözlənilir. Hədəfləri 5%-lik iqtisadi böyüməni davam etdirməkdir. Hindistanda da uzun müddətdir ki, sürətli artım davam edir".

 

İqtisadçı təəssüflə bildirir ki, Şərq deyərkən İran, Türkiyə və ya Mərkəzi Asiya ölkələri nəzərdə tutulmur. 

 

"Şərq deyərkən Hindistan, Çin, Koreya, Yaponiya kimi ölkələr nəzərdə tutulur ki, onlar artıq iqtisadi cəhətdən dünyanın əsas güc mərkəzlərindən birinə çevriliblər. Görünən odur ki, bu hal davam edəcək. İqtisadiyyat güclü olduqda təbii ki, siyasi və hərbi cəhətdən də güclənəcəklər".

 

Xalid Kərimli qeyd edir ki, ABŞ-ın Asiyaya diqqətinin artması xüsusilə də 2000-ci illərdən aktual olub. 

 

"Çini inkişaf etdirən ölkələrdən biri də Qərbdir. Lakin 2000-ci illərdən narahatlıqlarını deyirdilər, müzakirə aparırdılar, təhdidlər edirdilər. Amma 2015-2016-cı illərdən başlayaraq konkret olaraq ticari sanksiyalar qoymağa başladılar. Bununla bağlı özlərinin cəmiyyətlərinə elan etdiyi arqumentləri və səbəbləri var".

 

Ekspert sonda vurğulayır ki, aydındır ki, dünyada hazırda baş verən bu gərginliklər, hətta Şərqdə olmasa da, müxtəlif istiqamətlərdə də İran ətrafında baş verən hadisələr və Rusiya-Ukrayna münaqişəsi də ABŞ-Çin qarşıdurmasının nəticəsidir.

 

Aynur Babayeva