Bu amillər işsiz olmağı işsizlik kimi müəyyənləşdirmir-Xalid Kərimli

Bölmə: İqtisadiyyat › ,
Tarix: 19:02 12.02.2024

"İşsizliyi müəyyənləşdirmək üçün bir neçə istiqamət var. Birincisi beynəlxalq metodologiya var. Orada işsizlər 250-300 min arası hesablanır. İkincisi məşğulluq fondunda işsiz kimi qeydiyyata düşən şəxslər var. Onlara işsizlik müavinatı verilir və ya işlə təmin olunmaq məsələləri həll olunur. Məşğulluq fondunda isə ənənəvi olaraq işsizlər 50 min nəfəri əhatə edir. İşsizlik müavinatı hər kəsə verilmir, müavinat olmaq üçün də müəyyən qədər işləmək lazımdır". 

 

Bu sözləri informator.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib. Ekspert qeyd edir ki, dövlət kənd təsərrüfatı ilə məşğul olan, mal-qarası olan, torpağı olan şəxsləri məşğul sayır. 

 

"Ona görə də Azərbaycanda məşğulluq statistikasına baxanda görmək olar ki, aktiv, əmək qabiliyyətli əhalinin 1/3 hissəsi kənd təsərrüfatında çalışır. Faktiki olaraq onların bəzilərinin adına torpaq var, buna görə də məşğul sayılırlar. Lakin torpaq olsa belə məşğul olmaya bilərlər".

 

Müsahib əlavə edir ki, işsizliyin özünün tərifinə iqtisadiyyat nəzəriyyəsindən baxsaq görərik ki, friksion işsizlik, struktur işsizlik, texnoloji işsizlik kimi növləri var.

 

"Friksion işsizlik odur ki, şəxsin işi var, amma işindən məmnun deyil, daha yaxşı iş axtarışındadır. Struktur işsizlik müxtəlif səbəblərdən biliyin uyğunsuz vəziyyətdə olması nəticəsində yaranan işsizlikdir".

 

Xalid Kərimlinin sözlərinə görə, dövlət və nəzəriyyə, beynəlxalq standartlar işsiz olmağı işsizlik kimi müəyyənləşdirmir.

 

"Qeyd edilir ki, işsizsiniz və aktiv olaraq iş axtarırsınız. Beləcə işsiz kateqoriyasına düşürsünüz. Əgər sizin işiniz yoxdursa və iş axtarmırsınızsa işsiz sayılmırsınız".

 

Ekspert sonda qeyd edir ki, iş axtaranlar, işsizlər Məşğulluq idarəsinə müraciət etməlidirlər.

 

Gülnisə Əfkari