ABŞ valyutası dünya iqtisadiyyatında aparıcı rola malikdir-Pərviz Heydərov

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:21 13.02.2024

Sıralarını genişləndirməkdə olan “BRICS Plus” ölkələrinin ortaq valyuta buraxacaqları ilə bağlı iddialar ABŞ dollarının beynəlxalq ödəmələrdəki statusunu sual altında qoyur. Hesab edilir ki, yeni valyuta ABŞ dollarından fərqli olaraq bir yox, bir neçə ölkənin iqtisadiyyatına bağlı olacaq. Bu baxımdan maraqlıdır ki, yaxın gələcəkdə ABŞ dollarının dünyadakı hökmranlığına son qoyula bilərmi?

 

Bu haqda iqtisadçı ekspert Pərviz Heydərov informator.az-a açıqlama edib.

 

"Bu cür, yəni ki, ABŞ valyutasına alternativ valyutanın dövriyyəyə buraxılacağı iddiaları zaman-zaman həmişə irəli sürülüb. Bundan sonra da irəli sürülməyə davam edəcək".

 

Ekspert deyir ki, bu haqda çox danışılsa da, real heç bir iş həyata keçirilməyib.

 

"Praktik cəhətdən, bu həyata keçiriləsi bir iş deyil. Bəzi ölkələr ABŞ valyutasından asılı vəziyyətdədirlər, onların valyuta ehtiyatları, alış-verişləri, ticari-iqtisadi münasibətləri ABŞ valyutasına bağlıdır, o cümlədən, bu ölkələrin ayrı-ayrılıqda ABŞ iqtisadiyyatı ilə rəqabəti tələb olunan səviyyədə deyil, onlar ABŞ iqtisadiyyatı ilə qarşı-qarşıya çıxmaq iqtidarında deyillər".

 

Pərviz Heydərov bildirir ki, bu iddiaların hamısı cəfəngiyyatdır.

 

"Belə boş iddiaların irəli sürülməsi ABŞ dollarının yaxın gələcəkdə aparıcı valyuta rolunu oynamasına maneə törədə bilməz".

 

İqtisadçı sonda qeyd edir ki, ABŞ valyutasının dünya iqtisadiyyatında aparıcı olması iqtisadi gerçəkliklərdən irəli gəlir.

 

"Daim gündəmə gələn bu iddiaların ABŞ valyutasının aparıcı rolunu əlindən alması ehtimalı sıfıra bərabərdir".

 

Gülay Qəribova