Azərbaycanda turistlərin sayında niyə azalma müşahidə olunur?

Bölmə: İqtisadiyyat › ,
Tarix: 09:29 14.02.2024

Pandemiyadan əvvəl şəhərin mərkəzi hissələrində əcnəbi vətəndaşları tez-tez görürdük. Sayları da çox idi. Sonra qapanmalara görə turistlərin sayında ciddi azalma oldu. Əslində bu gözlənilən idi, çünki, sərhədlər bağlı idi. Hazırda təkcə quru sərhədlərindən başqa ölkəyə giriş-çıxışda heç bir məhdudiyyət yoxdur. Lakin turistlərin sayı artmır, üstəlik azalıb.

 

Pandemiyadan sonra ilk dəfə 2023-cü ildə bir çox ölkələrin turizm gəlirləri 95 faizə qədər bərpa edildi. Amma bu tendensiya Azərbaycanda müşahidə edilmədi. Ona görə də ölkə ərazisində, xüsusi ilə də paytaxt Bakıda turizm sektorundan gəlir əldə edən sahibkarlar ciddi maliyə itkisi ilə üzləşdi. Hazırda da eyni vəziyyət höküm sürür.

 

Turizm eksperti Ceyhun Aşurov bildirib ki, dünyada baş verən müharibələr, həmçinin geosiyasi gərginliklər turistlərin fəaliyyətinə, səfərlər etməsinə, onların qərarlarına təsir edir. 

 

"Xüsusən Rusiya-Ukrayna özü böyük bazar idi, bildiyimiz kimi, Azərbaycana gələn turist sayında da kifayət qədər yerləri var idi. Nəzərə alsaq ki, bu gəginlik, istər yaxın şərqdə olan gərginlik, dünyada baş verən bu dəyişikliklər, enerji daşıyıcılarının qymətinin qalxması, infiliasiya bir sıra bu iqtisadi, siyasi amillər turistlərin ümumiyyətlə yer dəyişməsinə və yaxud da səfərlərin məhdudlaşmasına təsir edir".

 

Azərbaycan Turizm Bürosunun departament rəhbəri Nicat Abbaslı bildirib ki, biz həm də nəticələrimizi 2019-cu ilin, pandemiyadan əvvəlki dövrlə də müqayisə edirik və buna baxanda görürük ki, ümumi gəlmə sayında azalma müşahidə olunur.

 

"Ancaq bununla yanaşı bəzi ölkələr vardır ki, hətta pandemiyadan əvvəlki dövrlə bir yerdə artıq bərpa prosesini yekunlaşdırıb. Bunlara aid olan ölkələr Hindistan, Pakistan, Özbəkistan, Qazaxıstan kimi ölkələrdir ki, artıq bərpa prosesini bitirib və sürətli artım prosesinə keçib. Gəlmə sayından əlavə turizm xərcləmələri haqqında qısa məlumat vermək istəyərdim. Turizm xərcləmələri üzrə 2023-cü ilin sonuna dair yekun nəticə bizdə 2.4 milyard manat həcmində müəyyənləşdirilib".

 

Yekun nəticə ürəkaçan deyil. Ekspertlər hesab edir ki, vəziyyəti düzəltmək, bu sahəni inkişaf etdirmək üçün təcili tədbirlər görülməlidir. Əks halda bir çox sahibkar müflis olacaq ki, bu da arzuolunan deyil.

 

İqtisadçı Natiq Cəfərli qeyd edib ki, turizmin ən böyük elementlərindən biri də onun multivikativ effekti olmasıdır.

 

"Yəni turizm özü ilə ən azı 8,10 sahəni də arxasıyca aparır. İctimai iaşə, otelçilik, taksi xidməti, restoranlar, ticarət mərkəzlərinə turizmin bunlara təsir etdiyi aydın görünür .

 

Mütəxəssislərin fikrincə problemi aradan qaldırmaq üçün ilk növbədə quru sərhəddləri bərpa edilməlidir. Əks halda daxildə görüləcək işlərin heç bir effekti olmayacaq.