Azərbaycanda süni almazların istehsalı gözlənilir

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:16 26.02.2024

Azərbaycanda süni almaz istehsalı planlaşdırılır. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov deyib ki, laborator şəraitdə süni almazlar sənayedə, tibbi avadanlıqların istehsalında, hərbi sənayedə istifadə olunur.

 

Suni almazların fərqi nədədir?

Tələbat gözlənilirmi?

  Bu almazların xammalı nədən götürülür?

 

Bu barədə "AzerGold''QSC-dən "İnformator.az"a açıqlama verilib. Açıqlamada bildirilib ki, yetişdirilmiş almazın xammalı təbii almazdan götürülür:

 

"Burada əsas xammal kimi kömür-qrafitdən istifadə olunur. Sözügedən daşlar təbii almazlarla eyni fiziki, kimyəvi və optik xüsusiyyətlərə sahibdir, lakin təbii minerala xas qüsurları daha azdır. Yetişdirilmiş almazla təbii almazın fərqi onun daha qısa müddətdə, 2-3 həftəyə ərsəyə gəlməsidir. Ümumiyyətlə almazlardan və digər qiymətli daşlardan hər zaman yatırım kimi istifadə edilir. Hər bir qiymətli daşın investisiya dəyəri mövcuddur. Burada təbii ki, yekun məhsulun beynəlxalq sertifikata malik olması çox önəmlidir. Belə ki, Azərbaycanda istehsal ediləcək sintetik almazların emalı və cilalanma prosesindən sonra məhsulun dünya standartlarına uyğun olaraq IGI (Beynəlxalq Gemoloji İnstitutu) sertifikatları ilə sertifikatlaşdırılması nəzərdə tutulur. Bu da onların keyfiyyətini təmin edir, eyni zamanda onlara dəyər qazandırır".

 

"AzerGold" QSC-dən verilən məlumata görə, qurulacaq müsəssisənin fəaliyyətində ekoloji amillər ön planda olacaq:

 

 

"Burada ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, ekoloji balansın qorunması faktorları çox vacibdir. Təbii almazların hasilatı zamanı ətraf mühitə müəyyən təsirlər olur. Amma yetişdirilmiş almaz istehsalı zamanı bunlar baş vermir. “Ələt Azad İqtisadi Zonası”nda qurulacaq zavod üçün lazım olan ilkin şərtlər araşdırıldığı zaman bu faktorlara xüsusi diqqət yetirilib".

 

Sözügedən məsələ ilə bağlı iqtisadçı ekspert Pərviz Heydərov da "İnformator.az" açıqlamasında münasibətini bildirib:

 

 

 

"Süni almazın xammalının təmiz almaz olduğunu düşünürəm. Süni almazın istehsalındakı məqsəd, əsasən, onu ixrac etməkdir. Suni brilliantın istifadə olunduğu məhsullara diqqət yetirdikdə görünür ki, 0 məhsullar Azərbaycan daxilində yerli istehsala malik deyil. "AzerGold" şirkəti buna təşəbbüs göstəribsə, bu o deməkdir ki, həmin məhsul kənara ixrac olunacaq. Bu da qeyri-neft sektoru üzrə əlavə bir ixrac növü demək olacaq və ölkəyə xarici valyuta gətirəcək".

 

Müsahib bildirir ki, bununla yanaşı, indi həmin istehsal edəcəyimiz süni almazların keyfiyyəti və rəqabət qabiliyyətlərinin necə olacağını, bizim xarici bazarda bu sahədə müəyyən bir mövqe qazanıb-qazana bilməyəcəyimizi sırf bu sahə üzrə İxtisaslaşmış mütəxəssislər müəyyən edə bilər:

 

"Əgər ortada belə bir təşəbbüs varsa, deməli, müvafiq şəkildə konkret təhlil mövcuddur və ölkədə istehsal olunacaq suni almazların keyfiyyəti və rəqabət qabiliyyətinin yüksək olması gözlənilir. Biz bu almazları xaric etməklə, ölkəyə valyuta gəlməsini təmin edə bilərik".

 

Gülay Qəribova