Azərbaycan-Türkiyə arasındakı investisiya qoyuluşlarında hansı dəyişikliklər baş verəcək?-İqtisadçı AÇIQLADI

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:23 27.02.2024

Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.  Türkiyə ilə Azərbaycan arasında vergi sahəsində əməkdaşlığa dair, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında müqavilələr imzalanıb.

 


Sazişi Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarov və Türkiyənin Xəzinə və Maliyyə Naziri Mehmet Şimşek imzalayıblar.

 

Bu, iki ölkə arasındakı investisiya qoyuluşlarının artmasına səbəb olacaq?

 


Bu haqda iqtisadçı Elşad Məmmədov "informator.az"a açıqlama edib.

 

"İki ölkə arasında ticari əlaqələrin dərinləşməsi, eləcə də investisiyaların həcminin artırılması, işgüzar fəallığın stimullaşdırılması nöqteyi-nəzərindən ikili vergi tutmanın aradan qaldırılması bütövlükdə müsbət hal kimi dəyərləndirilməlidir. Hazırkı şəraitdə dünya iqtisadiyyatındakı böhran və regional iqtisadi əməkdaşlığın dərinləşməsinin məqsədəuyğunluğu onu diktə edir ki, biz tədricən biznesin inkişafına mane ola bilən əngəllərin aradan qaldırılmasına nail olmalıyıq. O cümlədən, fiskal siyasət baxımından yumşalmaya getmək lazımdır ki, investisiyaların effektivliyi artsın, işgüzar fəallıq da stimul alsın və investisiyaların həcminin artırılması üçün hər iki ölkə iqtisadiyyatında əlavə resurslar əldə olunsun".

 


Ekspert bildirir ki, o baxımdan ikili vergitutma şübhəsiz ki, iqtisadi fəaliyyətə mənfi təsirlərini göstərdi.

 

"Bu tip məsələlərin aradan qaldırılmasına ehtiyac var idi. Digər işgüzar fəallığı stimullaşdırıcı tədbirlərin də həyata keçirilməsinə ehtiyac var, bu kredit siyasətinin yumşalması, kredit axınlarının investisiya yönümlü istiqamətlər üzrə kəskin şəkildə, yumşaq şərtlərlə çoxalması vacibdir. Bütün bunlar qarşılıqlı ticarət əlaqələrimizin də, bütövlükdə iqtisadi fəaliyyətin də güclü təkan almasına şərait formalaşdıra bilər ki, bir çox xarici iqtisadi təsirlərlə bağlı olan problemlərin aradan qaldırılmasında qeyd edilən amillər müsbət rol oynaya bilər".

 

 

Gülay Qəribova