Qızılın qiyməti artıb?-AÇIQLAMA

Bölmə: İqtisadiyyat › ,
Tarix: 16:22 09.04.2024

Qızıl bazarında vəziyyət ürəkaçan deyil. Əvvəlki ayarlar ilə müqayisədə qiymətlər bahalaşıb. 

 

Bəs qızılın artım səbəbi nə ilə bağlıdır ?

 

Məsələ ilə bağlı Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev "informator.az"a açıqlama verib. O bildirib ki, bu gün 1 qram 999 ayarlı qızılın qiyməti 75($)dollar üzərindədir və artmaqda da davam edir:

 

"Ümumiyyətlə, biz qızılın qiymətinə tarixi olaraq yanaşsaq, müşahidə edərik ki, qızılın qiyməti böhranlar zamanı ciddi artıma məruz qalır. İlk dəfə belə bir artıma 1932-1933-cü illərdə ciddi iqtisadi böhran zamanı, növbəti qiymət sıçrayışı isə 1970-ci illərdə baş verib. Ondan sonra ciddi qiymət sıçrayışı isə 2008 və 2020-ci illərdə baş verib.

Həmin zaman qədər bir neçə il qızılın qiyməti 38-42 dollar civarında dəyişirdi. 2020-ci ildən sonra qiymət 58-62 dollar səviyyəsinə qədər qalxdı. Hətta 6 aydır ki, 62-65 dollar, son iki həftədə ərzində isə 75 dollar səviyyəsinə qalxıb".

 

Müsahibin sözlərinə görə, qızılın qiyməti birbaşa olaraq dünya iqtisadiyyatında baş verən dəyişikliklərə bağlıdır:

 

"Hər hansısa bir iqtisadi böhranlar, münaqişələr iqtisadi çətinliklər və böhranlara səbəb olur. Nəticə olaraq, ciddi bir yatırım alətinə ehtiyac duyulur. Tarixi olaraq investorlar müşahidə edir ki, ən ciddi yatırım aləti qiymətli metal qızıldır, qiymətli daşlardır və onlardan hazırlanan zərgərlik məmulatlarıdır. 

Təbii ki, bunun əks təsirləri də var. Əks təsirlərindən ən əsası odur ki, xam qızılın qiyməti artdıqda qızıldan hazırlanan zərgərlik məmulatların, təbii ki, qiyməti artır və bu halda həmin məmulatlara alıcılıq qabiliyyəti aşağı düşür. 

Bunuda nəzərə alsaq ki, dünyada hasil olan qızılın 50-52%-i zərgərlik məmulatlarının istehsalına yönəlir və bunu da əks göstərici kimi qəbul etmək olar".

 

 

Mayıl Soltanov