"Bir vərdişi tərgitmək üçün..."-Psixoloq AÇIQLAYIR

Bölmə: Maraqlı › ,
Tarix: 20:12 20.08.2024

Vərdiş – gündəlik olaraq təkrarən və tez-tez şüuraltı olaraq etdiyimiz davranışlardır.

Vərdişlər necə yaranır?

Faydalı vərdişlər qazanmaq üçün nə etmək lazımdır?

 

Bu barədə psixoloq Ramil Nəcəfli "informator.az"a olan açıqlamasında bildirib ki, duyğular vərdişlərin yaranmasının təməlində durur:

 

"Yer kürəsində milyonlarla müxtəlif vərdişlərdən əziyyət çəkən insanlar var.

Deyirlər yaxşı vərdişlər 21 günə yaranır. Bu müddət dəyişə bilir, kimində 30, 90 və ya 18 günlük də ola bilir. 

Psixologiya özü 3 anlayışın təməlində dayanır. Duyğu, düşüncə, davranış. Duyğular, hisslər düşüncələri doğurur və ondan sonra da davranışlar yaranır. O zaman insanlar öz hisslərini idarə etmək üçün hansısa yollara əl atır. Bir hərəkəti mütəmadi olaraq təkrarlayan zaman o artıq insanın şüur altında yer alır və istər, istəməz insanı təhrik edir. Hər bir duyğunun özünün kodu var. O kodun üzərinə bu vərdiş də gəlir. Və duyğu bərabər olur həmin o davranışa".

 

Psixoloq faydalı vərdişlərin qazanılmasından da söz açıb:

 

"Disiplinli insanlar özlərinə yaxşı vərdişlər qazana bilirlər. Bunun üçün xoşməramlı vərdişləri yaratmaq üçün bir müddət onu davamlı etməlisiniz ki, sonradan artıq bu insanların şüur altında vərdiş halı alır və insanı yönəldir. 

İnsan davranışlarının 80%-i şüuraltı şəkildə baş verir. Ona görə də şüuraltına yaxşı vərdişləri yeritmək lazımdır ".

 

Ramil Nəcəfli öz fikrində vərdişlərin necə tərgidilə biləcəyini də qeyd edib:

 

"Bir vərdişi tərgitmək üçün onun yerinə yeni bir şey qoymalısınız. Başqa bir davranışı onunla əvəzləmək lazımdır. Vərdişin əvəzinə sizə xeyirli, xoş olan əvəz edə biləcək davranışlar qazanmalısınız. Tərgitmək istədiyiniz vərdişə ayırdığınız, sərf etdiyiniz vaxtı yeni davranışa ayırırsınız. 

Tərgitmək istədiyiniz vərdişin sizdə yaratdığı duyğuları azaldırsınız, əhəmiyyətini, rolunu yox sayırsınız. Qazanmaq istədiyiniz vərdişin sizdə yaratdığı duyğunu müəyyən edirsiniz".

 

Aslanova Fatimə