Kəmiyyət və keyfiyyət: Dövlət bağçaları, yoxsa özəl bağçalar?

Bölmə: Maraqlı › ,
Tarix: 23:26 22.08.2024

Uşaqların sosiallaşmasında, onların dünyagörüşünün formalaşmasında, təlim-tərbiyəsində bağçalar mühüm rol oynayır. Hazırda ölkəmizdə iki növ bağçalar fəaliyyət göstərir: dövlət və özəl bağçalar.

Hər bir valideyn istəyər ki, övladını hərtərəfli şəraiti olan bağçaya qoysun. Lakin burada təbii ki, maddi vəziyyət əsas rol oynayır. 

 

Valideynlər hansı bağçalara üstünlük verməlidirlər?Dövlət yoxsa özəl bağçalar?

 

Mövzuyla bağlı təhsil eksperti Elmin Nurizadə "informator.az"a açıqlama verib. Ekspert bağçalar arasındaki kəmiyyət və keyfiyyət fərqini izah edib:

 

"Dövlət və özəl bağçalar arasında kəmiyyət və keyfiyyət fərqi vardır. Hazırda ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin sayı 1825-dir. Onlardan 1692-i dövlət, qalan 133 yeri özəl müəssisələrdir. Kəmiyyət fərqi acınacaqlı bir göstəricidir.Statistik olaraq məktəbəqədər təhslimizdə vəziyyət o qədər ürəkaçan deyil. Keyfiyyət cəhətdən isə bağçalar uzun illər təhsil qurumlarının deyil yerli icra orqanlarının tabeliyində olduğu üçün orada tədris detalları, pedoqoji keyfiyyət həddən artıq aşağı düşüb. Nə yaxşı ki, 3 il əvvəl bağçalar Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi. Hər kəsə məlum oldu ki,təhsil müəssisəsini təhsil qurumu idarə edir. Buna görə dövlət bağçalarında vəziyyət yaxşılaşmağa başladı. Bu göstərici də nisbi göstəricidir. Burada köklü sürətdə yaxşılaşmadan qətiyyən danışa bilmərik".

 

Elmin Nurizadə bildirib ki, rəqabətlilik missiyası özəl bağçaları xeyli irəli aparır:

 

"Dövlət bağçaları ilə özəl bağçaların müqayisə etsək nəticə həddən artıq uğursuz olar. Özəl bağçalar sahibkarlıq obyektləridir. Orada bir sahibkar öz müəssisəsinə daha çox müştəri cəlb etmək üçün digər bağçalarla müqayisədə müxtəlif addımlar atır. Rəqabətlilik missiyası özəl bağçaları dövlət bağçalarından xeyli irəli aparır. "Daha yaxşı pul qazanmaq istəyən daha yaxşı xidmət göstərməlidir" prinsipi ilə özəl bağçalar fəaliyyət göstərir. Bu səbəbə görə, dövlət bağçaları ilə özəl bağçaların keyfiyyətlərini eyniləşdirə bilmərik. Aralarındaki bu uçurum özəl bağçalarda xüsusi qiymət artımına gətirib çıxardır. Elə bağçalar varki, illik qiymətlər təəssüfki 8000 ,8500 manatdır. Hətta Azərbaycanın ən güclü,ən nüfuzlu, tədris və keyfiyyət ən super olan ali təhsil müəssisəsinin belə(məsələn,Azərbaycan Diplomatik Akademiyası(ADA) ,Bakı Ali Neft Məktəbi(BANM)) illik təhsil haqqı o qədər deyil. Qiymətlər həddən artıq bahadır. Qidalanma, müxtəlif xidmətlər, dərnəklər, həkim personalı, məşğələləri(rəqs,idman və.s), üzgüçülük hovuzu ilə təmin olunmuş bir neçə bağça varki onlar super komfort keyfiyyətlə təmin olunub. Amma yenə də Azərbaycanın sosial reallığına görə 8000 manat ödəniş haqqını çox absurd hesab edirəm. Fikrimcə,özəl bağçaların sayı artılmalı, onlarla bağlı stimullaşdırıcı addımlar atılmalı, vergi siyasətində və digər sahələrdə yeniliklər olmalıdır".

 

Zeynəb Mustafazadə