İş yerlərində işçilərin təhlükəsizliyi nə dərəcədə təmin edilir?
Bölmə: Sosial › ,Tarix: 18:44 05.09.2024
Hər il dünyada istehsalatda baş veren qəzalar səbəbindən yüzlərlə insan həyatını və ya əmək qabiliyyətini itirir. Bu səbəbdən onların xüsusi iş geyimi ilə təmin olunması vacibdir.
Lakin, təəssüf ki, bir çox işəgötürənlər tərəfindən işçilərin təhlükəsizliyinin təmin edilmədiyini görürük.
Belə olduğu halda işçilər bununla bağlı nə etməlidirlər?
Mövzu ilə bağlı təhlükəsizlik eksperti Elmar Nurəliyev "informator.az"a açıqlamasında bildirib ki, iş yerlərində təhlükəsiz əmək şəraiti yaradılmalıdır:
"İşçilərin həyat və sağlamlığı üçün hər hansı bir təhlükə riski olmamalıdır. Ona görə bütün təyinatlı iş yerlərində zavod, fabrik, idarə, istehsalat, tikinti və s. yerlərdə təhlükəsizlik tədbirləri görülməlidir. Yanğın, texniki, ekoloji təhlükəsizlik, əmək mühafizəsi, ətraf mühitin mühafizəsi və digər bütün təhlükəsizlik tədbirləri görülməlidir.
Bütün dünya bununla bağlı mübarizə aparır.
Beynəlxalq Əmək Təşkilatları daim iş yerlərində təhlükəsiz əmək şəraitini yaratmağa çalışır.
Dünyada hər il demək olar ki, 300 milyondan artıq ölümlə nəticələnə biləcək qəzalar baş verir. Bunun nəticəsi olaraq 2 milyondan çox insan hər il iş yerlərində, baş verən qəzalar nəticəsində həyatını itirir.
Ümumilikdə 160 milyondan çox insan peşə xəstəliyindən yəni, bədbəxt hadisədən, qəzadan əziyyət çəkir.
Əlbəttə ki, bunlar ciddi rəqəmlərdir".
Ekspertin sözlərinə görə, Azərbaycanda da hər il yüzlərlə istehsalat müəssisələrində qəzalar baş verir:
"Ona görə iş yerlərində təhlükəsizlik məsələsi çox ciddi yanaşılmalı məsələlərdəndir.
Biz də statiskaya baxsaq, görərik ki, istehsalatda baş verən qəzaların böyük bir faizi məhz tikinti sektorunun payına düşür. Ona görə də, işçilər gördüyü işə uyğun olaraq xüsusi baş geyimi, ayaq geyimi, uniforma, eynək, əlcək olmalıdır.
Əfsuslar olsun ki, bəzən işçilər bunlarla tam təmin olunmur. Bəzən elə olur ki, işəgötürənlər işçiləri hər bir şeylə təmin edir, lakin işçilər tərəfindən düzgün istismar olunmaması səbəbindən nəticədə bədbəxt hadisə baş verir. Ona görə, burda həm işəgötürənin, həm də işçinin məsuliyyətli olmağı tələb olunur.
Bir halda ki, işəgötürən işçini fərdi mühafizə vasitələri ilə təchiz etmir və hər hansı bir iş tapşırır, bu zaman işçi ona tapşırılan işdən imtina edə bilər.
Bu zaman işəgötürən işçiyə hər hansı bir cəza verə bilməz həmçinin işdən çıxarda bilməz.
Əks halda işçi fərdi mühafizə vasitələri ilə təmin olunduğu halda, onu geyinməkdən imtina edirsə, bu zaman işçi ilə bağlanan müqaviləyə xitam verilə bilər".
Elmar Nurəliyev əmək mühafizə qaydalarını pozan işəgötürənlərin cəzalarındanda danışdı:
"Əlbəttə bu cür qaydaların pozulması aidiyyatı üzrə müvafiq qurumlar tərəfindən aşkar olunduğu halda 500 manatdan 2000 manatadək cəza sanksiyaları var. Təbii ki, burada hadisənin törətdiyi fəsada görə dəyişə bilir. Hətta 3 ildən 7 ilədək həbs cəzası nəzərdə tutulub.
Bunlar çox ciddi məsələlərdir. Həm işəgötürənlər, həm işçilər bu məsələyə ciddi yanaşmalıdır. Mütləq işçilərin əmək müqaviləsi olmalıdır. Əmək müqaviləsiz işçilərin çalışdırılması yolverilməzdir. Həmçinin, bununla bağlı cəzalar nəzərdə tutulub.
Heç bir cərimə insan həyatından qiymətli ola bilməz. Ona görə təhlükəsizlik tədbirləri nəzərə alınmalıdır ki, insanlar xəsarat almasın, həyatlarını itirməsin".
Elnurə Kərimova