Azərbaycan İrana necə reaksiya verəcək ?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 23:33 14.01.2025

Güney Azərbaycan İranın ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi və Ərdəbilin imamcüməsi Seyid Həsən Amulinin əlaltılarının bəyanatlarına cavab verib.

 

Təbrizdə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şəkilləri şəhərin müxtəlif yerlərində divarlara vurulub. Fotoların üzərində “Yaşasın Qarabağ qəhrəmanı Əliyev başqan!” və “Yaşasın Şam fatehi Ərdoğan rəis!” yazılıb.

 

Qeyd edək ki, ötən il dekabrın 19-da Seyid Həsən Amulinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısına qarşı təhqiramiz ifadələr səsləndirilib.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “informator.az”a açıqlamasında bildirib ki, İranın bu addımları Azərbaycan üçün gözlənilməz deyil:

 

“Tehran administrasiyasının ənənəvi ritorikasıdır. Bir çox bölgələrdə, o cümlədən Cənubi Qafqazda xaos mühitinin formalaşması, Azərbaycanın bölgənin ən dominant fiquruna çevrilməsi və bölgənin siyasi mənzərəsinin memarı kimi çıxış etməsi, şovinist ideologiyaya malik dövləti qıcıqlandırır. Ona görə də rəsmi tapşırıqlar əsasında müxtəlif məmurların dilindən Azərbaycana qarşı müxtəlif şəkillərdə öz qıcıqlarını ifadə edirlər. Mollanın dilindən səsləndirilən təhqiramiz ifadələr də Tehran administrasiyasının fikirlərinin təcəssümüdür.

 

Bütün bunlar Bakı-Tehran və Ankara-Tehran xəttində ciddi problemlərə gətirib çıxarır. Bu problemləri biz mərhələ-mərhələ Tehranla yaşamışıq. Azərbaycan da, Türkiyə də bölgədə sülh şəraitində dinamik münasibətlərə üstünlük verən dövlətlər olmasına baxmayaraq, İran heç vaxt dostluq münasibətlərinə adekvat siyasət yürütmür. Bu gün də eyni siyasəti yürütməyə davam etdiyi üçün diplomatik əlaqələr qırılma mərhələsindədir.

 

Azərbaycan Prezidenti İlham Əliyev də müsahibəsində öz adekvat reaksiyasını verdi və İranın siyasətinə düzəliş etməli olduğu mesajını çatdırdı. Prezident bildirdi ki, biz hansısa mollanı deyil, ona bu təlimatları verənləri, onu bu vəzifəyə gətirənləri ittiham etməliyik. Bu, birbaşa İran dövlətinə yönəldilən mesajdır. Bölgədə normal münasibətlərin formalaşması üçün İran tərəfi bu mesajlardan dərs çıxarmalıdır. Əks halda Azərbaycan və Türkiyə ilə münasibətlərin qırılma həddinə çatması bir dövlət olaraq İrana yaxşı heç nə vəd etmir”.


Kəmalə Vəliyeva