"Bu halların səbəbi cəmiyyətdə hökm sürən savadsızlıqdır"-RƏY

Bölmə: Sosial › ,
Tarix: 21:40 05.09.2024

"Son zamanlar tiktok sosial şəbəkəsində xeyli insan "falçı" adı ilə guya insanlar xidmət edir. "Bəxt açma", "cadu" əməlini təmziləmə adı ilə külli miqdarda pul qazanıb, fırıldaqçılıq edənlərin sayı xeyli artıb. Bu artımın səbəbi onlara inanan insanlardır".

Bu sözləri "informator.az"a açıqlamasında ilahiyyatçı Fazil Əhmədli söyləyib. Onun sözlərinə görə, fırıldaqçılıq hallarının yayılmasının əsas səbəbi cəmiyyətdə hökm sürən, bəzi insanlar arasında olan savadsızlıqdır:

"İslam özü bu cür fırıldaqçı insanlara yaxın durmamağı əmr edir. Bu insan həyatı üçün təhlükəlidir. Biz bunu həmişə deyirik, insan taleyinin 90%-i öz əlindədir. Bəzi insanlar var ki, qəza nəticəsində bədən üzvlərinin mühüm hissələrini itiriblər. Məsələn, bir insan əllərini itirib, amma ayaqları, ayaq barmaqları ilə çox gözəl bir rəsm əsəri yarada bilir. Biz bunların şahidi oluruq. İnsanın müvəffəqiyyəti onun öz əlindədir. Əzmkar insanlar müvəffəqiyyət tapa bilirlər. Heç kim bəhanə etməsin ki, müvəffəqiyyət tapa bilmədiyim üçün bu yolu tapdım, falçıya getdim. Bu vəziyyət təkcə Azərbaycanda deyil, dünya ölkələrində də mövcuddur".

İlahiyyatçının fikrincə, insanlar kütləvi şəkildə maarifləndirilməlidir:

"Biz deyə bilmərik ki, bu işlərlə məşğul olanların  insanlara təsiri yoxdur. Təsiri var amma, onlardan istifadə edən insana təsiri var.  Allahın köməyi budur ki, insan öz ağılı ilə bu işdən özünü qorusun. Qorunma vasitələri də islamda göstərilib. Namaz ən böyük qorunma vasitəsidir. Düzgün şəkildə namaz qılınmalıdır. Bundan başqa qorunma duaları var.
Bu halların qarşısı yalnız maarıfləndirmə yolu ilə alına bilər. Maarifləndirmə üçün şərait yardılmalıdır. İnternet televiziyalarda və digər formatlarda bu mövzular ayda bir neçə dəfə açılmalıdır, ilahiyyatçılar, psixoloqlar dəvət olunmalıdır. Onlar anlamalıdırlar ki, mən öz əlimdə olan iradəmi necə başqasına həvalə edə bilərəm. İradəni falçıya vermək, həmdə üstünə pul da vermək böyük zərərdir. Bu sahəyə baxan, bu sahə üzrə qeyri-hökümət təşkilatları bu mövzunu öz programlarına daxil etməldirlər".

Zeynəb Mustafazadə