Piylənmənin uşaqlar üçün yaratdığı təhlükələr-Həkim AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 21:00 06.09.2024
Uşaqlarda piylənmə günümüzdən ən aktual problemlərdən biridir. Dünyaya bir körpə gətirmək böyük məsuliyyət, eyni zamanda böyük səbir istəyən məşəqqətli bir işdir. Lakin dünyaya gəlib körpələrini qucaqlarına almış anaların çoxunun düşüncəsi onu yaxşı qidalandırmaqdır. Qidalandırmaq həyatı davam etdirməsi üçün lazımlıdır. Lakin hər mövzuda olduğu kimi qidalanma mövzusunda da səhv bilinənlər bəzən sağlamlıq problemlərini qarşımıza çıxarda bilir.
Bəs piylənmənin uşaqlar üçün yaratdığı təhlükələr nələrdir?
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında həkim pediatr Aytən Ziyadova bildirib ki, piylənmə uşaqlar üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bunlar həm fiziki, həm də psixoloji təsirlər daxil olmaqla müxtəlif riskləri əhatə edir:
"Tip 2 şəkərli diabet piylənmə insulin müqavimətini artıraraq, tip 2 diabet riskini yüksəldir. Yüksək qan təzyiqi və ürək-damar xəstəliklərinə səbəb olur. Piylənmə erkən yaşda hipertoniya və damar xəstəlikləri riskini artırır.
Nefroloji və böyrək problemlərini yaradır. Piylənmə böyrək funksiyalarının pozulmasına səbəb ola bilər. Artıq çəki nəfəs alma pozğunluqlarına, xüsusilə yuxu zamanı nəfəs dayanması (yuxu apnesi) problemə gətirib çıxara bilər. Piylənmə oynaqlara əlavə təzyiq göstərir və uşaqda ortopedik problemlərin yaranmasına səbəb ola bilər (məsələn, diz və ya ayaq problemləri).Uşaqlar arasında piylənmədən qaynaqlanan bədən obrazı problemi, aşağı özünə inam və depresiya riskini artırır. Qızlarda erkən cinsi inkişaf, menstrual pozğunluqlar, oğlanlarda isə hormonal disbalans yaranmasına səbəb olur".
Mehriban Nəsibova