Yeni tikililərdə yanğınlar artır: Səbəb nədədir?-RƏY
Bölmə: Sosial › ,Tarix: 15:33 09.09.2024
Son illərdə Azərbaycanın paytaxtında yeni tikilmiş binalarda yanğın halları artmaqdadır. Bunların səbəbi isə əksər hallarda kommunikasiya xətlərində qısa qapanmalar olub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təkcə 2024-cü ilin yanvar-avqust aylarında Bakıda çoxmərtəbəli binaların zirzəmilərində və şaxtalarında elektrik naqillərində problemlər səbəbindən 8 yanğın hadisəsi qeydə alınıb. Ötən ilin eyni dövründə isə 11 hadisə olub.
Binalardakı yanğınların tez-tez baş verməsində əsas səbəb nədir?
Məsələ ilə bağlı "informator.az"a açıqlamasında təhlükəsizlik eksperti Orxan Musayev bildirir ki, yaşayış binalarında yanğın təhlükəsizliyi qaydalarının tələbləri ciddi şəkildə nəzərə alınmalıdır:
"Yaşayış binalarında yanğın baş verdikdə, burada yanğının yaratdığı fəsadlardan əlavə insan sağlamlığına və insan həyatına ciddi təhlükə yaranmaqdadır. Binalarda ehtiyat çıxış yolları açıq olmalı, bina sahibkarı ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalı və onların sazlığına cavabdeh şəxs təmin olunmalıdır. Mütəmadi olaraq, ilkin yanğınsöndürmə vasitələri yoxlanılmalı və yanğın hadisələrinə hazırlıqlı vəziyyətdə olmalıdır. Yanğın hadisələrinin artmasına müxtəlif səbəblər təkan göstərə bilər. Bu səbəblərdən yay mövsümündə ən əsası insanların elektriklə işləyən soyutma sistemlərinə yəni, kondisionerlərə tələbatının artmasıdır. Bu hallarda elektrik yüklənməsi nəticəsində yanğın hadisələri baş verə bilər".
Ekspert əlavə edir ki, yanğın hadisələri baş verdikdə həyacanlanmamalı, yanğını söndürməyə cəhd göstərilməlidir:
"İlkin mərhələdə yanğın hadisəsinin qarşısını almaq, yanğının daha da şiddətlənməsinə və böyüməsinə mane ola bilər. Yanğın hadisəsinin qarşısı alınmazsa, daha da şiddətlənər, yalnız Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsinə nail ola bilər. Buna görə də bütün növ yanğın hadisələrinə hazırlıqlı olunmalı, yanğın hadisəsi baş verdikdə, mütləq Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə müraciət olunmalıdır. İnsanların təhlükəsiz və sağlam şəkildə təxliyyə olunmaları üçün mütəmadi olaraq, yaşayış binaların da, praktiki təlimlər keçirilməlidir. Bu, praktiki təlimlər insanların Fövqəladə Hallar zamanı davranış qaydalarını mənimsəməyə kömək olar. Yanğın hadisəsi baş verdikdə, artıq insanlar hansı davranışı göstərmək lazım olduğunu bilməlidirlər".
Nigar Səmədli