İdeal CV necə olmalıdır? -Mütəxəssis AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 17:09 09.09.2024
Hər hansı bir işə müraciət etmək üçün öncə CV hazırlamaq lazımdır. CV işə qəbul prosesinin ilk mərhələsidir. Sizi tanımayan bir insanın sizin haqqınızda ilkin təəssürata sahib olması baxımından CV-nin düzgün hazırlanması olduqca vacibdir.
Bəs, ideal CV necə olmalıdır?
Mövzu ilə bağlı İnsan resusları üzrə mütəxəssis İlkin Məcidov "informator.az"a açıqlamasında bildirir ki, CV konkret, lakonik və tələblərə cavab verən formada olmalıdır:
"Qarşı tərəf görsə ki, onun tələblərinə görə CV hazırlanmayıb, bu zaman qarşı tərəf həmin CV-ə baxmayacaq. CV hazırlayarkən onu həm maliyyə, həm mühasibatlığa, həm də marketinqə göndərməyə ehtiyac yoxdur. Əgər insanın özünün ehtiyacları və yaxud onun kriteriyaları marketinqə uyğundursa, həmin CV-də marketinq tərəfini daha çox qabartmalıdır. Həmçinin, o sahə ilə bağlı iştirak etdiyi tədbirlərdən, sertifikatlardan istifadə etməlidir. Heç aidiyyatı olmayan sertifikatları məlumatları həmin CV-ə əlavə etməli deyil".
Mütəxəssis qeyd edir ki, məlumatlar dolğun, səhvsiz olmalıdır:
"Ardıcıllığı pozmamaq lazımdır. Yəni, iş yerini qeyd edərkən son işlədiyin iş yerindən başlayaraq, ilk işlədiyin iş yerinə qədər yazmaq lazımdır.
Yeni məzun olan biri 4-5 səhifəlik CV göndərir. Belə CV-lər yorucu olduğu üçün çox vaxt baxılmır. Xəbər başlıqlarında olduğu kimi, CV-də də vision çox önəmlidir. Hər hansı məlumatların necə ötürülməsi də çox önəmlidir.
Nəzərə almaq lazımdır ki, CV iş görüşməsinin ilkin addımı, körpüsü sayılır. Məhz ona görə də, bu körpünü daha sağlam qurmalıyıq ki, qarşı tərəf buna maraqlı olsun və həmin CV-ə görə namizədlə görüşə bilsin".
Elnurə Kərimova