Azərbaycanda rusdilli təhsilə maraq niyə artır?

Bölmə: Sosial › ,
Tarix: 19:11 10.09.2024

Azərbaycanda rusdilli təhsilə maraq hər zaman yüksək olub. Bəzi vətəndaşlar övladlarına rus dilində təhsil verməyi üstün tuturlar. 

Müşahidələr göstərir ki, son illər ölkəmizdə xüsusilə gənc valideynlər övladlarını bu istiqamətə yönləndirir. İşin maraqlı tərəfi odur ki, həmin valideynlərin əksəriyyəti bu dili bilməsə də, övladlarının rusdilli olmasını arzulayır.

 

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi "informator.az"a açıqlamasında bildirib ki, Rusdilli təhsilə maraq əsasən Azərbaycan vətəndaşlarının istəyindən irəli gələn bir qərardır:

 

"Rus bölməsi ona görə var ki, orada daha çox Slavyan, Rus dilli xalqlar təhsil alsınlar. Amma bizim vətəndaşlar, bəzi valideyinlər sanki bir-birlərinin bəhsinə övladlarını Rusdilli təhsilə yönləndirirlər. Amma bu isə doğru yanaşma deyil. Əgər ata da, ana da azərbaycanlıdırsa, ümumiyyətlə Rus dili biliyi yoxdursa övladını aparıb Rus bölməsinə qoymaqla əslində uşağa daha çox ziyan vermiş olar.

Uşaqlar Azərbaycan bölməsində təhsil alsalar, daha yaxşı nəticələr qazana bilərlər. Valideyinlər mütləq bu amilləri nəzərə alaraq qərar verməlidirlər".

 

Mehriban Nəsibova