Parklanma üçün alternativlər təklif edilməlidir-- AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 20:26 11.09.2024
Məktəb və universitetlərin ətrafında maşın saxlayanlar cərimələnəcək.
DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yeni tədris ili ilə bağlı bir neçə gün əvvəl bu haqda müraciət yayıb.
Maraqlıdır bu qanun necə tənzimlənəcək və hansı problemləri aradan qaldıracaq?
Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Aslan Əsədov "İnformator.az"a danışıb:
"Ümumiyyətlə ali təhsil müəssisələrinin və orta təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, xüsusən də, şəhərin mərkəzi hissələrində ciddi parklanma problemləri var. Çünki universitetlərin bəzilərinin özünün parklanma ərazisi olsa belə, bunu heç də orta məktəblərə şamil etmək olmaz. Orta məktəblərdə dayanma durma, parklanma üçün maksimum 5- 10 maşınlıq parklanma təmin oluna bilir. Yerdə qalan heyyət üçünsə demək olar ki, parklanma yoxdur. Bu, ümumiyyətlə ali təhsil və orta ümumi təhsil məktəblərinin başlıca problemidir. Və bu da şəhərin tıxac məsələsinə də səbəb olur"
Ekspert parklanma probleminə diqqət çəkərək bildirib ki, şəhərin iri məktəbləri mərkəzi ərazilərdə inşa olunub və onlarda heç bir parklanma nəzərdə tutulmayıb:
"Xarici təcrübədə bu problem başqa cür həll edilib. Onların özlərinin parklanma əraziləri mövcuddur. Ona görə də universitetlər yaşayış məntəqələrindən kənarda yerləşir və digər alternativlərdən velosipedlərdən, skuterlərdən istifadə etdikləri üçün avtomobilə ehtiyac qalmır. Amma konkret olaraq Bakıda eləcə də Azərbaycanın digər böyük şəhərlərində mənzərə tam əksinədir.
Biz birinci növbədə bu kimi məsələlərə önəm verməliyik.
Parklanma üçün mümkün ərazilər seçilməli, alternativlər təklif edilməlidir. Sonra isə cərimələmə məsələsinə baxmaq olar.
Hazırda bunların özləri də müəyyən dərcədə nəqliyyata problemlər yaradacaq".
Banuçiçək Kalbalıyeva