Mövsüm dəyişikliklərinin sağlamlığa təsiri: Hansı xəstəliklərə yol aça bilər?

Bölmə: Sosial › ,
Tarix: 23:36 10.09.2024

Mövsümi dəyişkənliklər əhalinin sağlamlığına necə təsir edir?

Havanın temperaturunun və rütubət səviyyəsinin fərqli olması əhali arasında xəstəliklərin artmasına səbəb ola bilərmi?

 

Bu məsələ ilə bağlı həkim,cərrah Adil Qeybulla "informator.az"a açıqlamasında bildirib ki, iqlim təlatümləri təbii ki, insan orqanizmində də təsirsiz yanaşmır, amma bir şeyi nəzərə alaq ki, canlılar içərisində adaptasiya və qorunma imkanları ən yüksək olan varlıq insandır:

 

 

"İnsanlar şüurlu varlıqdır, onlar iqlim təlatümlərindən qorunmaq üçün tədbirlər görə bilir. Yəni ən azı müxtəlif təbii fəlakətlərin gətirdiyi nəticələrdən qorunmaq, digər tərəfdən də immun sistemi təlatümlərini vaxtında qeyd etmək və ondan qorunmaq imkanları var. Amma heyvanlarda bu imkan yoxdur. Ona görə də insanlar bu adaptasiya imkanlarından istifadə edirlər. Bunlara baxmayaraq, əlbəttə, baş verən dəyişikliklər bizim orqanizmimizdə öz izini qoyur. Yəqin ki, Yer kürəsinin coğrafiyasında dəyişikliklər olunması gözlənilir, bu iqlim təlatümlərinə rəğmən ola bilər ki, neçə yüzilliklərdən sonra səhra olan yerlərdə meşəlik olsun, ağaclar bitsin. Yəni bunların hamısı iqlimə bağlıdır. Amma biri var fəsil dəyişməsi, biri də var ki qlobal iqlimə bağlı olan dəyişmələr. Bunlar fərqli hadisələrdir. İnsanlar fəsil dəyişikliklərinə hazır olmalıdırlar.

 

Həkim insanların nələrə diqqət etməli olduğunu və bu halların hansı xəstəliklərə yol açdığını da nitqində qeyd edib:

 

 

"Geyim formasını düzgün seçməlidirlər. Fəsillərin keçid dövründə səhər və axşam hava fərqlərinə uyğun geyimlər seçilməlidir. Bu dövrlərdə soyuqdəymə xəstəliklərinə daha çox rast gəlinir. Rütubətin özü də xəstəliklərə səbəb olur. İnsanlar mümkün qədər rütubətdən qorunmalıdırlar, rütubətli ərazilərdə yaşamamalıdır. Düzdür, bu bəzi yerlərdə məcburi qaydada olur, meşəlik, dağlıq kəndlərdə yaşayan insanlarda müxtəlif nəmişliyə bağlı xəstəliklər, oynaq ağrıları, bel ağrıları daha çox olur. Bunların hamısı insan orqanizmində özünü göstərir. İnsanlar da buna uyğun tədbirlər görməlidir, sağlamlıqlarını qorumalıdır".

 

Aləmzər İbrahimova