"Valideynlər anlamırlar ki..." Boşanmalar niyə artır?-Psixoloq AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 20:58 30.10.2024
Naxçıvanda bu il 567 boşanma, 1178 nikaha daxilolma qeydə alınıb. Ötən ilin ilk doqquz ayı ərzində 418 boşanma, 1148 nikah qeydə alınıb.
Boşanmaların artmasının əsas səbəbləri nədir?
Mövzu ilə bağlı psixoloq Elmir Əkbər "informator.az"a açıqlamasında bildirir ki, birinci yerdə ailələrin qeyri- sağlam özül üzərində qurulması səbəbi dayanır:
"Valideynlər anlamırlar ki, onların dövründə olan məqamlar indi artıq işləmir. İndi evlənmələrə daha həssas yanaşılmalıdır. Elə məqamlar var ki, onlara fikir verilməlidir ki, ailə dağılmasın. Eyni zamanda ər və arvad arasında psixo-fizioloji uyğunsuzluq çox böyük rol oynayır. Məsələn, onların cinsəlliyinin üst - üstə düşməməsi belə ciddi narahatliliq, soyuma və onların arasında uçurum yaradır. Digər səbəbi isə kənar müdaxilələrdir. Bəzən valideynlər araya elə müdaxilələr edirlər ki, gənclər hətta problemləri gizlədirlər ki, problem böyüməsin. Hətta buna görə qadınlar öldürülür. Biz öldürülən qadınlar haqqında xəbərlər eşidirik, bu məsələ sosial verilişlərdə müzakirə olunur. Və ortaya çıxır ki, valideynlər qadını məcbur ər evinə göndərir ki, otur ərinin yanında adın çıxmasın. Ən vacib məqam budur ki, məsələn bütün ölkələrdə ailədə problem olanda gedirlər psixoloji konsultasiyaya, ailə terapiyasına ki, problem həll olunsun. Bizdə isə falçıya, cadu etməyə gedirlər, amma psixoloqa getmirlər".
Sevinc Zeynalova