Dini radikallaşma
Bölmə: Sosial › ,Tarix: 21:42 14.11.2024
Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da dini radikallaşma meyilləri özünü göstərir. Cəmiyyətimizi dini yalanlar altında yanlış yollara aparan dini radikallaşmaya səbəb nədir? Dini radikallaşmanın qarşısını hansı vasitələrlə almaq olar?
Bu barədə sosial problemlər üzrə ekspert, sosioloq Elçin Bayramlı “İnformator.az”a açıqlamasında bunun iki səbəbini və həlli yollarını izah edir.
Sosioloq birinci səbəb kimi elmi dini maariflənmənin zəif olmasını göstərərək açıqlayır:
“Düzgün dini baxışların olması üçün mütləq şəkildə məktəblərdə din dərsləri keçirilməlidir. Söhbət bizdən, Azərbaycandan gedirsə, biz müsəlman ölkəsiyik və həmin din dərslərində İslamın müqəddəs kitabı olan Qurani-Kərim öyrədilməli, Quranda keçən məsələlər uşaq vaxtından izah olunmalıdır ki, sonrakı dövrlərdə onlar hansısa təriqətlərin, məzhəblərin tələsinə düşməsinlər. Eyni zamanda digər dinlər barəsində də məlumatlar verilməli, digər dinlərin müqəddəs kitablarından müəyyən xüsuslar öyrədilməlidir. Bununla bərabər, mediyada, xüsusilə televiziyalarda dini verilişlər olmalıdır; orada Quran ətraflı izah olunmalı və Qurandan əlavə uydurma məlumatlar burada əksini tapmamalıdır. Bu yolla biz elmi dini maariflənmənin güclənməsinə nail olub, dini radikallaşmanın qarşısını müəyyən dərəcədə almış olarıq”.
Ekspert dini radikallaşmanın ikinci səbəbi kimi sosial-iqtisadi məsələləri göstərərək izah edir:
“Bir çox ölkələrdə təhlükəli təriqətlərə qoşulanların əksəriyyəti cahil, savadsız, işsiz və yoxsul adamlardır ki, onlar belə təriqətlərin aldadıcı təsirinə tez düşürlər və ya hansısa sosial səbəbdən bir şeylər əldə etmək üçün bu təriqətlərə qoşulurlar”.
Ekspert belə insanların bu yollara düşməməsi üçün həlli yollarını belə izah edir:
“Əgər bu insanların normal həyat şəraiti, iş şəraiti, təhsili və sosial vəziyyəti yaxşı olsa, belə təhlükəli təşkilatlara, təriqətlərə, qruplara üzv olub orada fəaliyyət göstərməkdə maraqlı olmayacaqlar. Biz mediada da canlı şahidi oluruq ki, belə təhlükəli qruplar insanları pulla və din adı ilə öz üzvlüyünə qəbul edib istifadə edirlər. Nəzərə alsaq ki, onlar üçün ən rahat hədəf sosial qayğıya ehtiyacı olan, ağır vəziyyətdə və işsiz, yoxsul olan insanlardır, onları öz tərəflərinə çəkmək daha rahatdır. Bu baxımdan, ölkədə həyata keçirilən sosial siyasət elə olmalıdır ki, bütün insanların normal yaşayış şərtləri, sosial hüquqları, sosial rifahı, təhsili, iş məsələsi, asudə vaxt keçirmək məsələsi düzgün təmin olunsun ki, belə zərərli meyillərə maraq göstərməsinlər”, -deyə o, fikirlərini yekunlaşdırıb.
Mahmud Əskərli