Sosial şəbəkələrdə təhqir və böhtan halları cinayət məsuliyyətinə səbəb olur

Bölmə: Sosial › ,
Tarix: 21:46 14.11.2024

Artıq günümüzdə internet resurslarında təhqir, böhtan bəzi şəxslər üçün adi hala çevrilib. Xüsusilə, günümüzdə ən çox istifadə edilən tik-tok sosial şəbəkəsində belə hallara tez-tez rast gəlinir. İnsanlar bir-birilərinə ağır sözlər deyib, qeyri-etik ifadələr işlədirlər.

 

Bəs sosial platformalarda bu amillərə qarşı qanunvercilikdə hansı qanunlar yer alır?

 

Məsələ ilə bağlı "informator.az"a açıqlamasında hüquqşünas Ramil Süleymanov sözügedən əməlin getdikcə mürəkkəbləşdiyini bildirib

 

Onun sözlərinə görə, sosial mediada etik davranışlara zidd halların sərgilənməsi, nalayiq sözlərin istifadə olunması ilə bağlı cinayət məcəlləsində qanunlar yer alır:

 

"Vətəndaşlar bilməlidilər ki, sosial şəbəkələr üzərindən nalayiq, təhqiredici ifadələrin işlənilməsi Azərbaycan Respubilkası Cinayət Məcəlləsi 148-ci maddəsinin təsir dairəsinə düşüb. Təhqir, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, informasiya ehtiyatlarında şəxsin şərəf və ləyaqətinin nalayiq formada qəsdən şəkildə alçaldılması başa düşülür. Buna görə min manatdan min beş yüz manata qədər miqdarda cərimə, iki yüz qırx saatdan dörd yüz səksən saata qədər ictimai işdən və ya altı aya qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respubilkasının Cinayət məcəlləsinin 148.1 maddəsinə görə internet resurslarında saxta ad, profillərdən istifadə etməklə böhtan atma və ya təhqir etmə hərəkəti edən şəxs sonradan hüquq mühafizə orqanlarının vasitəsilə aşkara çıxardılarsa, bununla bağlı müvafiq araşdırma aparıldıqdan sonra şəxsə min manatdan iki min manata qədər miqdarda cərimə, iki ilə qədər azadllqdan məhrum etmə cəzası təyin oluna bilər".

 

Hüquqşunas sosial şəbəkələrdə bu cinayətlərin qarşısının alınmasının fərdi qaydada mümkün olmadığını bildirib. 

 

"Bununla bağlı müvafiq qaydada şəxslər istifadəçi təlimatlarına riayət etməlidir. Eyni zamanda hansısa bir paylaşımda söyüş, nalayiq sözlər və hərəkətlər yer alırsa, bununla bağlı müvafiq xəbərdarlıq olunmalıdır. Şəxsiyyəti alçaldılmış və təhqir olunmuş şəxslər mütləq şəkildə polisə və prokorurluq orqanlarına müraciət etməklə saxta profillərin aşkara çıxardırılması ilə bağlı nəticə əldə edə bilərlər. Eyni zamanda müvafiq qaydada həmin şəxslərin cəzalandırılmasını təmin edəcəklər",-deyə o, fikirlərini yekunlaşdırıb.

 

Mehriban Nəsibova