Jose Mourinodan 13 yaşlı azarkeşə jest

Bölmə: İdman › ,
Tarix: 22:10 16.11.2024

Fənərbağçanın Zenitlə keçirdiyi yoldaşlıq görüşünü izləmək üçün stadiona gələn 13 yaşlı Efe, Jose Mourinhonun qərarı ilə oyunu ehtiyat oyunçular skamyasından izlədi.

 

Sarı-lacivərt klubunun sosial media hesabında edilən paylaşımda bildirilir ki, Zenit matçını izləməyə gələn 13 yaşlı Efe adlı azarkeş, oyun öncəsi Jose Mourinho ilə fotoşəkil çəkdirmək istəyərkən portuqaliyalı baş məşqçinin qərarı ilə əvvəlcə meydana, daha sonra isə ehtiyat oyunçular skamyasına dəvət olunub.

 

Gənc azarkeşi ehtiyat oyunçular skamyasında görən komandanın kapitanlarından Mert Hakan Yandaş, onu oyundan əvvəl soyunub-geyinmə otağına aparıb.

 

Futbolçuları soyunub-geyinmə otağında görən Efe sevincini gizlədə bilməyərək, “Bu həqiqətdirmi? Hazırda əllərim və ayaqlarım titrəyir. Tadiç 5 metr qarşımda dayanıb və heç nə edə bilmirəm. Elə bil yuxudayam”,-sözlərini deyib.

 

13 yaşlı azarkeş oyunu futbolçularla birlikdə ehtiyat oyunçular skamyasından izləyib. Matçdan sonra isə Efeyə Tadiçin oyunda geyindiyi forma hədiyyə olunub. Gənc azarkeş futbolçular və Jose Mourinho ilə xatirə şəkli çəkdirdikdən sonra stadionu tərk edib.

 

Mənbə: beinsports 

Aytac Mustafayeva