Azərbaycan və Türkiyə arasında hərbi təlim keçirilir
Bölmə: Siyasət › ,Tarix: 18:33 22.11.2024
2024-cü ilin hazırlıq planına əsasən Azərbaycan və Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri sualtı hücumu və sualtı müdafiə bölmələri ilə qardaş ölkədə "SAT-SAS" birgə təlimi keçirilir.
Bu təlim Azərbaycan ordusunun güclənməsində nə qədər önəmlidir?
Bununla bağlı politoloq Aqşin Kərimov "İnformator.az" saytına açıqlamasında bildirib ki:
"Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri regional təhlükələrə və regional təhlükələrin doğurduğu qlobal təhdidlərə qarşı müdafiə immunitetini gücləndirəcək bir hadisədir.Təsadüfi deyil ki, Azərbaycanla Türkiyənin xüsusi təyinatlı dəstələrinin, o cümlədən sualtı komando qüvvələrinin təlimləri bir neçə dəfədir ki keçirilir. Bununla da, Bakı ilə Ankara strateji müttəfiqlikdən irəli gələn hərbi aspektləri yerinə yetirirlər".
Politoloqun sözlərinə görə, Türkiyənin Yaxın Şərqdə və qlobal arenada oynadığı mühüm rol, Azərbaycanın regional siyasətdə tutduğu lider mövqe hər iki dövləti bir-birinə daha da yaxınlaşdırır:
"Bakı ilə Ankaranın qlobal nizamdakı mövqelərini birləşdirir. Artıq regional müharibələr, regional təhdidlər bir-biri ilə zəncirvari şəkildə bağlıdır.
Hesab edirəm ki, Azərbaycanla Türkiyənin regional yanaşmalardakı strategiyaları vahid geosiyasi məkan şəklində qavranılır. Bununla da, Bakı ilə Ankara digər regionlarda baş verən hadisələrin Cənubi Qafqaza təsirlərini strateji olaraq təhlil edirlər. Bu təlimlər həmin strateji təhlillərin nəticəsində ərsəyə gəlir və təhlükə olacağı təqdirdə Bakı ilə Ankaranın birgə şəkildə öz müdafiə strategiyalarını həyata keçirəcəyini bildirir".
Fidan Fərhadlı