Travmasız insan varmı?-EKSPERT AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 23:32 28.11.2024
Travma insanın fiziki və ya psixoloji zədə almasına səbəb olan hadisədir. Qəza, zorakılıq və ya təbii fəlakət kimi stresli təcrübələr nəticəsində meydana gəlir və vaxtında müdaxilə edilmədikdə uzunmüddətli təsirlərə səbəb ola bilər.
Mövzu ilə bağlı psixoloq Gülşən Rüstəmova "informator.az"a açıqlamasında bildirib ki, travma, müəyyən yaşda və şəraitdə qarşılaşdığımız, lakin həll edə bilmədiyimiz məyusluqlardır:
"Bu hadisələr zehnimizdə silinmədən qalır. Hətta ana bətnində olarkən belə, ananın hiss etdiyi duyğuları döl hiss edir və yaddaşda saxlayır. Zehnimiz böyük gərginliklər zamanı bu hadisələri yenidən yaşamamaq üçün yadda saxlayır. Həll edə bilmədiyi bu hadisələr zamanla travmaya çevrilir və həyatımızda böyük iz buraxır. Bu iz, ömür boyu alacağımız qərarlara təsir edir".
Psixoloq vurğulayıb ki, travmaların əksəriyyəti uşaqlıq dövründə yaranır:
"Uşağın dünya ilə əlaqəsi valideynləri və ətrafındakı insanlar vasitəsilə qurulduğu üçün onların davranışları uşağın gələcək həyatını formalaşdırır. Uşaqlıqda alınan travmalar bizim həyat yolumuzu müəyyən edir və hər bir situasiyada öz təsirini göstərir. Hər bir insanın fərqində olduğu və ya olmadığı travmaları mövcuddur. Hadisələr şəxsiyyətlərə fərqli təsir edir. Buna görə də hər kəs öz travmalarını araşdırmalıdır".
Gülşən Rüstəmova qeyd edib ki, travmaların araşdırılması insanın həyatını müsbət yöndə dəyişir:
"Bir insan başına gələn məyusluğu araşdırıb nəticə çıxarmadıqda, həmin travma zehnin yaddaşında qalır və adekvat qərarların verilməsini çətinləşdirir. Travmaları araşdırmaq insana öyrənmə, situasiyaların təsirini qiymətləndirmə və öz məsuliyyətini anlama imkanı yaradır. Bu, insanda 'aydınlanma' yaradır".
Psixoloq sonda insanlara özləri ilə məşğul olmalarını və mütəxəssis yardımı almağı tövsiyə edib:
"Bu, onların həyat keyfiyyətini artıracaq və daha sağlam bir gələcək qurmağa kömək edəcək".
Nərgiz Orucova