“Gənclərin ictimai işlərə cəlb edilməsi vacibdir”
Bölmə: Sosial › ,Tarix: 23:54 28.11.2024
"Gənclərin inkişafı və cəmiyyətə inteqrasiyası hər bir dövlətin əsas prioritetlərindən biri olmalıdır". Bu fikri sosioloq Elçin Bayramlı “informator.az”a açıqlamasında deyib.
O, dünyanın nümunəvi ölkələrində gənclərin sosial, ictimai layihələrdə iştirakının geniş şəkildə təmin olununduğunu bildirib:
"Sovet dövründə Azərbaycanda gənclər çox sayda sosial və ictimai layihələrə cəlb olunurdu. Təbii ki, bu proses onların sosial məsuliyyət hissinin formalaşmasına ciddi təsir göstərib. Lakin müasir dövrdə bu sahədə ciddi boşluqlar mövcuddur.
Azərbaycanda gənclərin ictimai fəaliyyətə cəlb olunması məsələsində ciddi nəzarət yoxdur. Yalnız ASAN Xidmət kimi bir neçə təşkilatda könüllülər fəaliyyət göstərir. Təəssüf ki, bu cəlb olunan gənclər ümumi sayın heç 1%-ni təşkil etmir. Belə bir sistemin qurulması dövlətin əsas vəzifələrindən biridir. Dövlət elə bir mexanizm yaratmalıdır ki, gənclər bu fəaliyyətlərə həvəslə qoşulsunlar. Könüllülük təkcə pulsuz əsaslarla deyil, müəyyən mükafatlar əvəzində də təşviq edilməlidir".
Sosioloq qeyri-hökumət təşkilatlarını da bu prosesdə aktiv olmağa çağırıb:
"Azərbaycanda kifayət qədər uşaq və gənclər təşkilatı mövcuddur, lakin bu təşkilatlar kütləviliyə nail ola bilmirlər. Gəncləri ictimai işlərə cəlb etmək üçün müxtəlif sahələrdə layihələr təşkil olunmalıdır. Məsələn, ağacəkmə kampaniyaları, narkomaniyaya qarşı mübarizə, təbiətin qorunması, intellektual yarışlar və digərləri. Təəssüf ki, bəzi təşkilatlar yalnız tədbir keçirməklə bunun kifayət etdiyini düşünürlər. Halbuki, belə tədbirlərin təsiri çox zəifdir”.
"Eyni zamanda, fərdi təşəbbüslər əsasında müəyyən gənclər mediada və ya qeyri-hökumət təşkilatlarında əməkdaşlıq etməyə çalışsalar da, bu fəaliyyətlər kütləvi xarakter daşımır Dövlət, qeyri-hökumət təşkilatları və media birgə şəkildə kompleks yanaşma tətbiq etməlidir. Məqsədimiz gənclərimizin müasir tələblərə uyğun inkişafını təmin etməkdir. Onlar yalnız şəxsi mənfəətini düşünməməli, eyni zamanda cəmiyyət üçün faydalı olmağı öyrənməlidirlər".
Asiya Zeynallı