Rusiya postsovet təhlükəsizlik blokunun gücləndirilməsinə sadiq qalır — Putin

Bölmə: Dünya › ,
Tarix: 22:16 09.12.2024

Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) gücləndirilməsi və beynəlxalq arenada onun nüfuzunun artırılması istiqamətində çalışır – bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib.

"Qeyd etmək istərdim ki, KTMT çərçivəsində əməkdaşlıq müttəfiqlik ruhuna, hərbi qardaşlığa və qarşılıqlı dəstəyə əsaslanır. Biz təşkilatı gücləndirməyə, onun nüfuzunu və Avrasiya məkanında sülh və sabitliyin təminindəki rolunu artırmağa qətiyyətlə sadiqik. Biz hamımız ədalətli, multipolyar dünya nizamının formalaşmasını, eyni zamanda hər kəsin suveren maraqlarına, inkişaf modelinə olan hüququna hörmətlə yanaşılmasını, bərabər və bölünməz təhlükəsizliyin təmin edilməsini tələb edirik" – o, KTMT-yə üzv ölkələrin parlament rəhbərləri ilə görüşdə bildirib.
Putinin sözlərinə görə, KTMT-nin əsas regional və beynəlxalq məsələlərə dair əlaqələndirilmiş yanaşmaları, xüsusilə, KTMT Parlament Assambleyasının mütəmadi olaraq qəbul etdiyi siyasi bəyanatlarda əks olunur. "Bu, bizim birgə fəaliyyətimiz barədə ümumi ifadələrdən ibarət adi bir sənəd kimi görünə bilər. Lakin bunlar sadəcə sözlər deyil, çünki onlar bizim birgə səylərimizin mahiyyətini əks etdirir. Bundan əlavə, KTMT ölkələrinin qanunvericiləri dövlət orqanları və kəşfiyyat agentliklərinin fəaliyyətinə dair hüquqi tənzimləmənin uyğunlaşdırılmasına əhəmiyyətli töhfə verirlər" – Putin əlavə edib.

Mənbə : ITAR TASS
Zəhra Məmmədova