Televiziya proqramlarında işarət dili tərcüməsi

Bölmə: Sosial › ,
Tarix: 19:45 06.02.2025

Eşitmə məhdudiyyəti olan şəxslərin informasiya və əyləncə mənbələrinə çıxışını təmin etmək, onların cəmiyyətə inteqrasiyasını gücləndirmək üçün televiziya proqramlarında işarət dilinə tərcümənin təmin edilməsi vacibdir. Lakin bu proses bir sıra çətinliklərlə müşayiət olunur.

 

Rəqəmsal media mütəxəssisi Qurban Qurbanzadə “informator.az”a açıqlamasında bildirib ki, bu sahədə əsas problemlərdən biri maliyyə və texniki resursların çatışmazlığıdır:

 

“Televiziya kanalları üçün əlavə tərcüməçilərin cəlb edilməsi və uyğun texniki həllərin tətbiqi əlavə xərc yaradır. Bundan əlavə, işarət dili tərcüməçilərinin çatışmazlığı da mühüm problem kimi çıxış edir. Bunun üçün xüsusi studiyalar və peşəkar işarət dili tərcüməçiləri tələb olunur. Alternativ həll kimi avtomatlaşdırılmış sistemlər və süni intellektə əsaslanan tərcümə texnologiyaları inkişaf etdirilə bilər”.

 

Mütəxəssis hesab edir ki, bu tələbin tətbiqi medianın inkişafına müsbət təsir edəcək:

 

“İnklüziv media mühitinin yaradılması televiziya kanallarının daha geniş auditoriyaya çıxışını təmin edəcək, ictimai nüfuzunu artıracaq və beynəlxalq standartlara uyğunlaşmasına şərait yaradacaq. İnklüziv Təhsil Mərkəzində könüllü fəaliyyətim zamanı müşahidə etmişəm ki, istər TV-lərdə, istərsə də gündəlik oxuma-dinləmə vasitələrində işarət dili ilə bağlı imkanlar məhduddur. Eyni zamanda, bu sahədə yeni peşəkar kadr ehtiyacını artıraraq iş bazarında yeni imkanlar yarada bilər”.


Asiya Zeynallı