Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

Bölmə: Sosial › ,
Tarix: 22:19 11.12.2024

10 dekabr, 2024-cü il tarixində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

 

 

Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət idarəsinin rəisi, t.ü.f.d, Əməkdar həkim Ceyhun Məmmədov açılış nitqi ilə çıxış etdi, hər kəsi Ulu Öndər Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla yad etməyə dəvət etdi.

 

Tədbirdə Rəşad Mahmudov, Yeganə Abbasova, Esmira Həsənova, Azər Nağıyev,Eldar Əhmədov, Tariyel Nadirov,Mircəlal Kazımi, Elnur Fərəcov,Rəşad Şolan,Mirmənsim Məmmədov, Ayşe Sinangil və Mədinə Abdullayeva məruzələrlə çıxış etdilər.

 

 Tədbirin gedişində transplantoloq Tariyel Nadirov mövzu haqda fikirlərini bölüşdü:

 

“Orqan transplantasiyasını ölkəmizdə ilk dəfə 2008-ci ildə Doktor Mircəlal Kazımi və komandası icra edib. Hepatit B və Hepatit C virusundan söz açılırsa son mərhələdə müalicə üsulu qaraciyər transplantasiyasıdır. Çox təəssüf hissi ilə qeyd edirəm ki, hələki ölkəmizdə meyitdən qaraciyər nəql olunmaması qaraciyər transplantasiyası gözləyən xəstələrin sayının artmasına səbəb olur”.

 

Ardınca ümumi cərrah, transplantoloq Mircəlal Kazımi sözə başladı:

 

“ Çox bəyəndiyim bir söz var- nəticə etibarilə, torpaqdan yaranıb, torpağa qayıdırıq. Ona görə də, hər dəfə dediyimiz, hədəfimiz, xəyalımız meyitdən orqan transplantasiyasıdır. Eyni zamanda bu işə ən çox inananlardan biri mənəm. Optimistik bir düşüncəm var ki, yaxın zamanda meyitdən orqan transplantasiyası gerçəkləşəcək”.

 

Ardınca, cərrah-uroloq Rəşad Şolan ən böyük problemin donor problemi olduğunu qeyd etdi:

 

“ Donorlar yaxın və uzaq qohumlar arasında daha çox yayılır. Bu halda donorlar arasında müxtəlif problemlər, o cümlədən anatomik problemlər ola bilir”.

 

 

Tədbirin sonunda xatirə fotosu çəkildi.

 

Nərmin Həşimova