"Bu, nüvə müharibəsindən sonrakı vəziyyət kimidir..."

Bölmə: Dünya › ,
Tarix: 19:57 16.12.2024

Mayotta sakinləri, Fransa Hind Okeanı ərazisini son 90 ilin ən güclü fırtınası vurduqdan sonra "apokaliptik mənzərələrdən" danışırlar.

 

Siklon Çido saatda 225 km-dən (140 mil) çox sürətlə əsən küləklər gətirib və ən kasıbların metal damlı daxmalarda yaşadığı əraziləri yerlə yeksan edib.

 

Paytaxt Mamudzu sakini belə deyib: "Artıq üç gündür ki, suyumuz yoxdur".

 

Başqa bir sakin əlavə edib: "Bəzi qonşularım ac və susuzdur".

 

Fransadan göndərilən qüvvələr də daxil olmaqla, xilasedicilər dağıntılar arasında sağ qalanları axtarır. İyirmi nəfərin öldüyü təsdiqlənib, lakin yerli prefekt bildirib ki, bu rəqəm minlərlə ola bilər.

 

Hakimiyyət orqanları ölü sayı ilə bağlı dəqiq məlumat əldə etməkdə çətinlik çəkdiklərini bildiriblər. Bu, 320,000 nəfərlik əhalidə sənədsiz miqrantların sayının 100,000-dən çox olması ilə əlaqədardır.

 

İnfrastrukturun geniş şəkildə zərər görməsi – sıradan çıxmış elektrik xətləri və keçilməz yollar – fövqəladə əməliyyatları ciddi şəkildə çətinləşdirir.

 

Tədarüklər çatdırılmağa başlayıb, lakin bəzi ərazilərdə ərzaq, su və sığınacaq ciddi çatışmır. Ərazinin təxminən 85%-i hələ də elektriksizdir, telefonların isə yalnız 20%-i işləyir. Bəzi bölgələrdə kran suyu təmin edilməyə başlanıb.

 

"Şəkillər apokaliptikdir. Bu, fəlakətdir, heç nə qalmayıb",- Mamudzu şəhərinin əsas xəstəxanasında çalışan bir tibb bacısı bildirib.

 

Mamudzu sakini Con Balloz siklon vurduqda sağ qalmasına təəccübləndiyini deyib:

"Hər şey zədələnib, demək olar ki, hər şey – su təmizləmə zavodu, elektrik dirəkləri, çox iş görülməlidir".

 

Paytaxtda yaşayan Məhəmməd İsmayıl deyib: "Özünü nüvə müharibəsindən sonrakı vəziyyətdə hiss edirsən... Mən bütün bir məhəllənin yox olduğunu gördüm".

 

"Məni ən çox aclıq narahat edir," Mayotta senatoru Salama Ramiya Fransız mediaya açıqlamasında deyib. "Şənbə günündən bəri yemək və su tapmayan insanlar var",- deyə o bildirib.

 

Mənbə: Bbc news 

Nuray Qurbanlı