Suriyada məktəb zəngləri yenidən çalındı

Bölmə: Dünya › ,
Tarix: 11:13 17.12.2024

Suriyada şagirdlər, ölkənin yeni rəhbərlərinin iş başına keçməsindən sonra siniflərə qayıtmağa başladılar.

 

Beşər Əsəd rejiminin devrilməsindən bir həftə sonra, normallaşmanın bir əlaməti olaraq Suriyada məktəblər yenidən açıldı.

 

Suriyanın yeni rəhbərliyi, yüz minlərlə insanın ölümünə səbəb olmuş 13 illik vətəndaş müharibəsindən sonra ölkəni yenidən qurmaq kimi böyük bir çağırışla üz-üzədir.

 

Şəhərlər bombalanaraq xarabaya çevrilib, iqtisadiyyat beynəlxalq sanksiyalar səbəbindən çökmüş, milyonlarla qaçqın isə hələ də Suriyadan kənardakı düşərgələrdə yaşayır.

 

Rəsmilər, bazar günü – əksər ərəb ölkələrində iş həftəsinin ilk günü – ölkə üzrə bir çox məktəbin açıldığını bildiriblər. Lakin bəzi valideynlər vəziyyətdəki qeyri-müəyyənlik səbəbindən uşaqlarını məktəbə göndərməyiblər.

 

Dəməşqdəki oğlan liseylərindən birinin həyətində gözləyən şagirdlər, məktəb katibi Rəd Nasirin yeni hakimiyyətin qəbul etdiyi bayrağı asmasını alqışladılar.

 

“Hər şey qaydasındadır. Tam hazırıq. Şagirdlərin təhlükəsiz şəkildə məktəbə qayıda bilmələri üçün məktəbi lazımi xidmətlərlə təmin etmək üçün iki-üç gün çalışdıq”, – deyən Nasir, Cövdət əl-Haşimi məktəbinin zərər görmədiyini də əlavə edib.

 

Bir sinifdə bir şagird yeni bayrağı divara yapışdırdı.

 

Şagird Salah əd-Din Diyab deyib: “Ümidliyəm və çox xoşbəxtəm. Əvvəllər küçədə gəzəndə hərbi xidmətə çağırılacağımdan qorxurdum. Bir nəzarət nöqtəsinə çatanda qorxurdum".

 

Mənbə: TRT haber

Aygün Babayeva