Ağ şəhərlərin gələcəyi-Süni intellektin roluna baxış

Bölmə: Sosial › ,
Tarix: 16:56 13.01.2025

Müasir dövrdə şəhər planlaşdırılması və idarəetməsi texnologiyanın sürətli inkişafı ilə yeni mərhələyə qədəm qoyur.



Mövzu ilə bağlı informasiya texnologiya mütəxəssisi Elvin Hasanov "İnformator.az" a açıqlamasında bildirib ki, Ağ şəhərlər insanların iş yerlərinə, təhsil və sağlamlıq xidmətlərinə çıxışını köklü şəkildə dəyişən, texnologiya ilə inteqrasiya olunmuş şəhər modelləridir:

 

“Bu şəhərlərdə süni intellekt (Sİ) əsas idarəetmə platforması kimi çıxış edir və resursların daha səmərəli istifadəsini təmin edir. Sİ əsaslı sistemlər fərdi ehtiyaclara uyğun xidmətlər təklif edərək vətəndaşların həyat keyfiyyətini artırır. Məsələn, iş bazarının analizi nəticəsində Sİ, insanların bilik və bacarıqlarına uyğun iş təkliflərini avtomatlaşdırılmış şəkildə təqdim edir. Təhsil sahəsində isə fərdiləşdirilmiş öyrənmə modelləri Sİ vasitəsilə inkişaf etdirilir. Bu, tələbələrin fərdi potensiallarına uyğun tədris prosesinə cəlb olunmasını təmin edir. Sağlamlıq sahəsində müsahibin sözlərinə görə, real vaxt analizləri və proqnozlaşdırma sistemləri xəstəliklərin erkən mərhələdə aşkar edilməsinə imkan yaradır”.

 

Ağ şəhərlərin uğurlu inkişafında Sİ əsaslı idarəetmə sistemlərinin bir neçə vacib üstünlüyü qeyd olunur. Müsahib bu üstünlüklərdən bir neçəsini belə vurğulayır:

 

“Real vaxtda qərar qəbul etmə: Məlumatların davamlı təhlili sayəsində tıxaclar, təbii fəlakətlər və digər fövqəladə hallara operativ şəkildə reaksiya verilir.

 

İnfrastrukturun optimallaşdırılması: Nəqliyyat, enerji və kommunal xidmətlərin optimal idarə olunması Sİ texnologiyalarının tətbiqi ilə həyata keçirilir. Ağıllı enerji şəbəkələri enerji istifadəsini optimallaşdıraraq artıq sərfiyyatın qarşısını alır.

 

Dayanıqlı inkişaf və təkrar emal: Şəhər tullantılarının idarə olunmasında Sİ-dən istifadə tullantıların təkrar emalını artırır və ekoloji balansın qorunmasına töhfə verir.

 

Dövlət və Özəl Sektorun Rolu:
Ağ şəhərlərin uğurlu inkişafı dövlət və özəl sektorun effektiv əməkdaşlığından asılıdır. Dövlətin əsas rolu strategiyaların qurulması, infrastrukturun planlaşdırılması və qanunvericilik bazasının hazırlanmasıdır. Özəl sektor isə texnologiyaların hazırlanması, maliyyələşdirilməsi və innovasiyaların tətbiqində əsas tərəfdaş kimi çıxış edir. Ağıllı nəqliyyat sisteminin yaradılması üçün dövlətin hüquqi çərçivələr hazırlaması, özəl sektorun isə innovativ həllər təmin etməsi tələb olunur. Bu əməkdaşlıq yalnız texnoloji inkişafla məhdudlaşmır, həm də sosial məsələlərin həllində mühüm rol oynayır”.

 

Aydan Quliyeva