Şəxsi sərhədlər-Psixoloq açıqlaması
Bölmə: Sosial › ,Tarix: 21:43 31.01.2025
Şəxsi sərhədlər mövzusu, insanların qarşılıqlı münasibətlərdə öz rahatlıqlarını, təhlükəsizliklərini və rifahlarını qorumaq üçün hansı çərçivələrdə davrandıqlarını anlamağa kömək edir.
Məsələ ilə bağlı klinik psixoloq Leyla Məmmədova "informator.az" saytına verdiyi açıqlamada bildirib ki, şəxsi sərhədlər, bir insanın özünün və başqalarının şəxsi məkanına, duyğularına, fikirlərinə və hüquqlarına olan hörmətini ifadə edən bir anlayışdır:
"Şəxsi sərhədləri görmək və ya onlara toxunmaq qeyri-mümkündür, biz onları yalnız hiss edə bilərik. Bu sərhədlər, insanlar arasında sağlam münasibətlərin qurulması üçün vacibdir və fərdin özünü rahat, təhlükəsiz və sayılmış hiss etməsinə kömək edir."
Müsahibimiz sözlərində, şəxsi sərhədlərin qurulmasının psixoloji tərəfdən vacibliyini və sərhədləri qorumamağın insan həyatına təsirini də qeyd edib:
"Şəxsi sərhədlərin müəyyən edilməsi və qorunması, insanın mental sağlamlığı və psixoloji tərəfdən düzgün inkişafı üçün olduqca vacibdir. Çünki sərhədlərin olmaması insanın özünə hörmətinin aşağı olmasına, özgüvənsizliyə, manipulyasiyaya məruz qalmasına, təşviş pozuntularına, emosional dalğalanmalara, passiv və ya aktiv aqressiyaya, ümumiyyətlə depressiv vəziyyətlərə gətirib çıxarır".
Psixoloq şəxsi sərhədlərin pozulduğunu necə anlaya biləcəyimizdən də danışıb:
"Əgər biri sizin şəxsi həyatınıza, şəxsi seçimlərinizə və qərarlarınıza həddindən artıq müdaxilə edirsə və ya bədəninizlə bağlı fikirlər bildirirsə, bu, sərhədlərin pozulması deməkdir. Məsələn, qohumlar və ya tanışlar narahatedici suallar verirlər: "Nə vaxt evlənirsən?", "Bu nədir belə, kökəlmisən?" və ya "İkinci uşağı nə vaxt düşünürsən?"
Bir insanın şəxsi sərhədləri pozulanda, ünsiyyət onu çox gərgin hiss etdirir, rahatlıq hissinin itirilməsinə və stressə səbəb olur.
Əlavə olaraq, onu qeyd etmək istəyirəm ki, əgər sizin üçün rahat olmayan bir fiziki təmas varsa (məsələn, sıx sarılma, ya da çox yaxın durma), bu da sərhədlərin pozulması sayılır.
Əgər siz sərhədlərinizin pozulduğunu hiss edirsinizsə, bu hisslərinizi ifadə etmək və yəqin ki, münasibətlərinizi gözdən keçirmək vacibdir.
Əgər bir insan öz şəxsi sərhədlərini müəyyən etmirsə və ya onları qoruya bilmirsə, o zaman, o fərqində olmadan, başqalarının da şəxsi sərhədlərini keçə bilər. Bu səbəbdən ilk növbədə bir insanın şəxsi sərhədlərini təyin edə bilməsi üçün, özünü yaxşı tanıması önəmlidir, özünü dinləyə bilməlidir, özü ilə güvənli və sağlam münasibəti olmalıdır. Şəxsi sərhədlərin qurulması - zaman, səbr və təcrübə tələb edən bir prosesdir. Lakin nəticədə, bu, həm özünüzlə, həm də ətrafınızdakı insanlarla daha sağlam və harmonik münasibətlər yaratmağa kömək edir.
Əgər sərhədləri tək başına qurmaqda çətinlik çəkirsinizsə, dostlardan, yaxınlardan və ya peşəkarlardan (psixoloq, psixoterapevt) kömək istəməkdən çəkinməyin".
Nigar Həsənzadə
"Yenisi" Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi İctimai Birliyi Azərbaycan Milli QHT Forumuna üzv seçilib.