Onlayn konservlər nə dərəcədə etibarlıdır?

Bölmə: Sosial › ,
Tarix: 21:57 31.01.2025

Onlayn alış-veriş rahatlıqdır, amma konservləşdirilmiş qida alarkən bu rahatlıq təhlükəyə çevrilə bilər. Qutunun içində dadlı bir yemək, yoxsa sağlamlıq üçün təhlükə gizlənir?

 

Məsələ ilə bağlı "informator.az"a danışan qida eksperti Fərid Səfərov bildirib ki, son zamanlarda sürətli həyat tərzi, gündəlik iş rejimi, vaxt azlığı kimi səbəblər, dünyada insan sayının artımı kimi daha qlobal məsələlər insanların qidalanma vərdişlərində də müxtəlif dəyişikliklərə səbəb olub: 

 

"Qida istehsalçıları asan hazırlanan, vaxta qənaət etmək üçün nəzərdə tutulan hazır və ya yarımfabrikat məhsullar istehsal edirlər. Bu bəlkə də bizə sürətli həyat qayğılarının öhdəsindən gəlməyə kömək edir. Amma çox təəsüf ki, bu cür hazır və yarımfabrikat məhsullar insan sağlamlığına çox ciddi ziyan da vurur. Hazır qidalar astma, xərçəng, iflic, hiperaktivlik və diqqət çatışmazlığı kimi sağlamlıq problemlərinə səbəb ola bilər".

 

Ekspertin sözlərinə görə, qablaşdırılmış qidaları istehlak edərkən ölçüyə nəzarət etmək lazımdır:

 

" Tərkibində doymuş yağlar, trans yağlar, qatqı maddələri, dadlandırıcı, rəngləndirici və s. kimi olduqca zərərli maddələr var. Ona görə etiketləri diqqətlə oxumaq vacibdir. Eyni zamanda təkcə hazır və qablaşdırılmış qidalar yox, yarımfabrikat məhsullar da təhlükəlidir. Bu qidaların hansı şəraitdə, hansı xammaldan istehsal olunduğu çox təəsüf ki, bəlli deyil . Çox təcili olan halda əgər bu məhsulları almağa məcbur olursunuzsa, mütləq aldığınız qidanın üzərini diqqətlə oxuyun, istehsal tarixinə, son istifadə müddətinə, tərkibinə mütləq diqqət edin, tanıdığınız və güvəndiyiniz yerdən almağa çalışın. Sağlam həyat üçün işlənmiş qidalar yerinə evdə hazırlanmış, təbii qidalara üstünlük verin! 

Sağlam qidalanaraq sağlam yaşayın!"

 

Mehriban Nəsibova