Donald Trump USAID-in bağlanmasını dəstəkləyir-Elon Musk
Bölmə: Dünya › ,Tarix: 20:56 03.02.2025
Elon Musk bildirib ki, Prezident Donald Trump ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə bağlı təfərrüatları müzakirə etdikdən sonra onun bağlanmasını dəstəkləyib.
Bu açıqlama USAID-in maliyyəsinin dondurulması və onlarla əməkdaşının məzuniyyətə göndərilməsindən sonra verilib. Trump USAID-i “radikal insanların idarə etdiyi qurum adlandıraraq onun gələcəyi barədə qərarın tezliklə veriləcəyini bildirib. Son günlər USAID-in təhlükəsizlik rəsmilərinin işdən uzaqlaşdırılması və DOGE (Hökumət Effektivliyi Departamenti) əməkdaşlarının agentliyin sistemlərinə daxil olmağa çalışması ilə bağlı gərginlik yaşanıb. USAID 1961-ci ildə yaradılıb və dünyanın müxtəlif yerlərində humanitar yardım, yoxsulluqla mübarizə və inkişaf proqramlarını maliyyələşdirir. Demokrat senatorlar USAID-in ofisinə icazəsiz girişlə bağlı narahatlıqlarını ifadə edərək Dövlət Departamentinə məktub göndəriblər. Bəzi rəsmi şəxslər USAID-in bağlanmasının ABŞ-ın xarici siyasətinə ciddi zərər vuracağını bildirirlər.
USAID-in veb saytı və sosial media hesabları artıq bağlanıb. Trump administrasiyası xarici yardımı 90 gün müddətinə dayandıran sərəncam imzalayıb, bu da genişmiqyaslı işdən çıxarmalara və proqramların bağlanmasına səbəb olub. ABŞ-ın xarici siyasət ekspertləri isə bu addımın ölkənin yumşaq gücünə ciddi təsir göstərəcəyini vurğulayırlar.
CNN News
Aydan Quliyeva