Avstraliya antisemitizmin artması fonunda nifrət cinayətləri üçün məcburi həbs cəzası tətbiq edir
Bölmə: Dünya › ,Tarix: 17:00 06.02.2025
Avstraliya nifrət cinayətləri ilə mübarizə üçün sərt qanunlar qəbul edərək, terrorizm cinayətləri və nifrət simvollarının nümayişi kimi bir sıra hallarda məcburi minimum cəzalar tətbiq edib. Bu addım Sidney və Melburnda antisemitik hücumların artmasından sonra atılıb.
Cümə axşamı qəbul edilən yeni qanunlar, terrorizm cinayətləri üçün minimum altı il, daha az ciddi nifrət cinayətləri – məsələn, ictimai yerlərdə nasist salamı vermək – üçün isə ən azı 12 ay həbs cəzası nəzərdə tutur.
Qanunvericilik, həmçinin, cinsi orientasiya, gender identifikasiyası, əlillik, din və ya etnik mənşə əsasında qruplara və şəxslərə qarşı zorakılıq və ya güc tətbiqi ilə hədələməyi də cinayət kateqoriyasına daxil edir.
Bu dəyişiklikləri, keçən il antisemitik hücumların artması və cinayətkarlar üçün daha sərt cəzalar tələb edilməsi fonunda Baş nazir Entoni Albanizenin Leyborist hökuməti təklif edib.
Həmin vaxt təklif olunan qanun layihəsinə məcburi cəzalar daxil edilməmişdi, çünki Albanize əvvəllər buna qəti şəkildə qarşı çıxmışdı.
Lakin bu həftə hökumət, baş nazirin antisemitizmlə mübarizədə kifayət qədər iş görmədiyini iddia edən siyasi rəqiblərinin tənqidlərindən sonra mövqeyini dəyişdi.
Məsələnin aktuallığı ilə bağlı soruşulduqda, baş nazir bildirib ki, antisemitizmə qoşulan şəxslərin “məsuliyyətə cəlb edilməsini” istəyir.
Avstraliya Hüquq Şurası isə məcburi cəzaların daxil edilməsindən “son dərəcə məyus olduğunu” bildirib.
Nuray Qurbanlı
CNN