İsrail BMT İnsan Hüquqları Şurasından çıxmaq istədiyini bəyan edib
Bölmə: Dünya › ,Tarix: 19:10 06.02.2025
İsrail hökuməti BMT-nin İnsan Hüquqları Şurasında iştirakını dayandırmaq niyyətini bəyan edib. Qərarın əsas səbəbi qurumun İsrailə qarşı qərəzli mövqe tutduğunu iddia etməsidir.
Məsələ ilə bağlı analtik jurnalist Kazım Kazımov “İnformator.az”a bildirib ki, İsrailin imtina etməsinin əsas səbəblərindən biri Qəzzada baş verən son hadisələrlə bağlıdır:
" 2023-cü ilin oktyabrında Fələstin və İsrail arasında başlayan müharibə insanlıq adına utancverici hadisələrlə yadda qaldı. Hər iki tərəf dinc sakinlərə qarşı addımlar atdı və dünya acı mənzərələrlə üzləşdi. Qəzza bölgəsində ciddi humanitar fəlakət yaşandı, bu da beynəlxalq aləmdə İsrailə qarşı narazılıqları artırdı.
Xüsusilə BMT-də bu mövzu geniş müzakirə olundu. BMT-nin Baş katibi Antonio Quterreş İsraildə “istənməyən şəxs” elan edildi. Lakin bu addım İsrailə qarşı ittihamları dayandırmayacaq. Daha konstruktiv yanaşma üçün İsrail öz mövqeyini açıq şəkildə ifadə etməli, razılaşmadığı məsələlərə dair arqumentlərini irəli sürməlidir. Əks halda, bu imtina İsrailin məsuliyyətdən yayınması kimi görünə bilər və onun beynəlxalq arenadakı mövqeyinə mənfi təsir göstərə bilər”.
Xanım Ağamalıyeva