Kollec məzunlarının iş problemi: səbəblər və həll yolları

Bölmə: Sosial › ,
Tarix: 16:32 07.02.2025

Kollec təhsili bir çox gənc üçün universitet alternativi kimi nəzərdə tutulsa da, məzun olduqdan sonra iş tapmaqda çətinlik çəkmək geniş yayılmış bir problemdir. Bəzi işəgötürənlər universitet məzunlarını daha bilikli və bacarıqlı hesab edərək, kollec məzunlarını ikinci planda görürlər

 

Mövzu ilə bağlı təhsil eksperti İlqar Orucov "informator.az"a açıqlamasında bildirib ki, Kollec - keçmiş SSRİ dövründəki ənənəvi texnikum təhsil müəssisədir:

 

" Daha sonraki müddətdə texnikum təhsili kollec təhsili adı altında dəyişdirildi. Lakin kollec təhsilində tam irəliləyiş qeydə alınmadı. Ölkəmizdə yüz illik təhsil ənənəsinə malik olan kolleclər mövcuddur ki, onlar bu uzun müddət ərzində inkişaf edərək universitetlərə çevrilməli idilər. Kollec təhsilinin məzmununda ciddi dəyişikliyə ehtiyac var. Kollec təhsilinin hal-hazırda yaratdığı bir üstünlük odur ki, kollec təhsilini başa vuranlar subbakalavr adı qazanır və onlar subbakalvr olaraq universitetə daxil olmaq imkanı əldə edirlər. Lakin onlar universitetdə yaxşı yerlərə, daha doğrusu əmək bazarında mövcud olan ixtisaslara subbakalavr olaraq qəbul oluna bilmirlər. Yanlız plan yeri dolmamış ,boş qalmış plan yerləri olan ixtisaslar üzrə subbakalvrlar universitetə qəbul edilir. Kollec bitirən şəxslərin işə qəbulu zamanı çətinlik çəkməsinin səbəbi kollec təhsilinin məzmunun ali təhsil məzmunundan kifayət qədər geri qalmasıdır. Kolleclərdə dərs verən pedaqoji heyət yetəri qədər biliklərə malik deyilər. Kollec təhsilində olan dərs vəsaitlərində ,dərs proqramlarında lazımi dəyişiklik edilməlidir".

 

Ekspertin sözlərinə görə, əmək bazarındakı yerinə görə universitet təhsili kollec təhsilindən daha üstün hesab edilir:

 

" Kollec təhsilinin inkişafı naminə strategiya yürüdülməlidir. Hətta son dövrdə kollec təhsili peşə təhsilindən belə bir addım aşağıda yer almışdır. İş tapmaq bu vəziyyətdə çox çətindir. İşəgötürən şəxslərin bir sıra tələbləri mövcuddur ki, kollec təhsili bu tələblərə cavab verə bilmir. Kollec təhsili ya inkişaf edilməlidir ya da dayandırılmalıdır. Mütləq şəkildə dövlətimiz kolleclərin təhsil səviyyəsini inkişaf etdirməlidir. İnkişaf etməyən, bir sıra vacib tələblərə cavab verməyən kolleclər fəaliyyətini dayandırmalıdır".

 

Məryəm Zaliyeva