“Rusiya indiyədək adekvat addımlar atmayıb”-ŞƏRH
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/5736879_.jpeg)
Tarix: 18:48 07.02.2025
Son vaxtlar Azərbaycan və Rusiya arasında münasibətlərdə gərginlik müşahidə olunur. Regionda baş verən son hadisələr fonunda Rusiya rəsmisinin Azərbaycana səfər edib-etməyəcəyi sual doğurur.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov qeyd edir ki, Rusiya və Azərbaycan arasındakı əlaqələrin gərginləşməsi dekabrın 25-də baş verən təyyarə qəzası ilə bağlıdır:
"Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qroznı hava məkanında “Pantsir-S” raketi ilə vurulması, təyyarəyə eniş üçün şərait yaradılmaması, onun Xəzər dənizi üzərinə yönləndirilməsi və pilotların qəhrəmanlığına baxmayaraq, qəza enişinin baş verməsi nəticəsində 38 nəfərin dünyasını dəyişməsi böyük faciədir. 23 Azərbaycan vətəndaşının həlak olması ölkəmiz üçün matəm səbəbi olub. Hadisə ilə bağlı üzr istənilsə də, digər tələblərimizə hələ də cavab verilməyib. Bu da Azərbaycan dövlətində və cəmiyyətində haqlı narazılıq yaradır. Vətən müharibəsi zamanı, həssas bir dönəmdə təsadüfən vurulmuş Rusiya helikopteri ilə bağlı Azərbaycan dərhal üzr istəmiş, kompensasiya ödəyib. Rusiya isə indiyədək adekvat addımlar atmayıb. Bəziləri bu məsələni siyasiləşdirməyə çalışsa da, unutmamalıyıq ki, həlak olanlar arasında yalnız Azərbaycan vətəndaşları deyil, həm də 7 rus və 6 qazaxıstanlı var. Buna görə də bunu sırf siyasi məsələ kimi qələmə vermək doğru deyil.
Azərbaycan və Rusiya arasında dostluq və müttəfiqlik münasibətləri uzun illərdir mövcuddur. Düşünmürəm ki, Rusiya mülki təyyarənin qəza vəziyyətinə düşməsinə səbəb olan şəxslərin səhlənkarlığına görə Azərbaycanla tarixi-mədəni əlaqələrinin korlanmasına yol verər.
Hazırda araşdırma davam edir və ümid edirik ki, Qazaxıstan araşdırmanı şəffaf və ədalətli aparacaq, cinayət məsuliyyəti olan şəxslər müəyyən ediləcək. Onlarla bağlı müvafiq tədbirlərin görülməsi artıq Rusiya tərəfinin üzərinə düşəcək. Zənnimcə, bu halda Azərbaycanın əlavə addımlar atmasına ehtiyac qalmayacaq. Diplomatik və dövlətlərarası münasibətlərə gəldikdə isə düşünmürəm ki, ciddi problem yaranacaq. Azərbaycan və Rusiya arasında münasibətlər uzun illərdir inkişaf edir. Hazırda isə hər iki ölkə bir-birinə əvvəlkindən daha çox lazımdır. Biz daim bərabərhüquqlu əməkdaşlığın tərəfdarı olmuşuq və bu münasibətləri davam etdirmək niyyətindəyik”.
Zəhra Məmmədova