Gənclərin hüquqi savadsızlığı: problemlər və həll yolları
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/4684010_2.jpg)
Tarix: 19:25 07.02.2025
Gənclərin hüquqi savadsızlığı günümüzün aktual problemlərindən biridir. Qanunlardan xəbərsiz olmaq onların hüquqlarının pozulmasına və haqsızlıqlarla qarşılaşdıqları halda doğru addım ata bilməmələrinə səbəb olur. Bu problem yalnız şəxsi səviyyədə deyil, cəmiyyətin ümumi hüquq sisteminə də təsir edir. Gənclərin hüquqi biliklərə sahib olması həm onların özünümüdafiəsini gücləndirər, həm də hüquqi maarifləndirmə mədəniyyətinin inkişafına dəstək olar.
Mövzu ilə bağlı hüquqşünas İradə Cavadova "informator.az"a açıqlama verib.
O bildirib ki, gənclərin hüquqlarını bilməməsinin əsas səbəbi onların buna maraqsız olmasıdır:
"Əslində, gənclərin böyük bir hissəsi hüquqdan çox, sosial şəbəkələrlə maraqlanır. Bu səbəbdən də hüquqlarını bilmirlər. Təbii ki, bunu bütün gənclərə aid etmək düzgün olmaz. Lakin bu problemin həlli üçün maarifləndirmə işləri aparılmalıdır. Məsələn, məktəblərdə hüquq dərslərinin keçirilməsi yaxşı olardı. Əgər ümumi hüquqi baza bilikləri formalaşarsa, şagirdlər də hüquqları haqqında məlumat əldə edə bilərlər. Lakin bu maarifləndirməni məcburi şəkildə etmək mümkün deyil. Gənclərin özləri də hüquqa maraq göstərməlidirlər.
Ali təhsil müəssisələrində yalnız hüquq fakültəsində oxuyan tələbələr üçün deyil, digər ixtisaslarda təhsil alanlar üçün də həftədə bir dəfə hüquq dərsi keçirilməsi faydalı olardı. Bu dərslərdə insan hüquqları, vətəndaşın hüquq və vəzifələri kimi mövzular öyrədilə bilər".
Hüquqşünas televiziyada hüquqi maarifləndirmə proqramlarının açılmasından və hüquqi yardıma əlçatanlıq mövzusundan danışıb:
"Televiziya vasitəsilə hüquqi maarifləndirmə proqramlarının açılması isə yaşlı nəslə daha çox xitab edər. Çünki gənclər adətən televiziya izləməkdən çox sosial şəbəkələrdə vaxt keçirirlər. Buna görə də hüquqi məlumatlar gənclərin maraqlandığı platformalar vasitəsilə təqdim edilməlidir.
Hüquqi yardıma əlçatanlıq məsələsinə gəldikdə, hazırda pulsuz hüquqi yardımlar mövcuddur. Gənclər və vətəndaşlar vəkil bürolarına müraciət edərək məsləhət ala bilərlər. Amma gənclər özləri də maraqlı olmalı və hər hansı bir addımı atmadan öncə hüquqşünasla məsləhətləşməlidirlər. Məsələn, ailə qurmaq, hərbi xidmətə getmək, alqı-satqı prosesləri kimi məsələlərdə hüquqi biliklərin olması vacibdir.
Eyni zamanda, vətəndaşlar işbazların tələsinə düşməmək üçün hər hansı şübhəli addım atmazdan əvvəl hüquqşünaslarla məsləhətləşməlidirlər. Gənclər xüsusilə bu məsələlərdə diqqətli olmalı, hüquqi biliklərə yiyələnməli və bu bilikləri praktikada tətbiq etməyi öyrənməlidirlər. Bu yolla hüquqi savadlılıq artar və gənclər özlərini daha yaxşı qoruya bilərlər".
Nuray Qurbanlı