Metaverse-in gələcəyi-Ekspert AÇIQLAYIR
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/6538885_T.jpg)
Tarix: 18:49 11.02.2025
"Metaverse-in gələcək perspektivləri texnoloji inkişaf və bazar tələblərindən asılıdır".
Bu sözləri "informator.az"a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının üzvü Fərid Kazımov söyləyib. Ekspert Metaverse anlayışının Azərbaycanda nə qədər tanınmasında da bəhs edib:
"Metaverse konsepsiyası qlobal səviyyədə bir neçə il öncə geniş populyarlıq qazanıb və böyük investisiya axınına məruz qalıb. Bu dövrdə müxtəlif texnoloji şirkətlər və s. milyard dollarlarla sərmayə qoyulub, Metaverse-in ənənəvi sosial platformaları əvəz edəcəyi və milyonlarla aktiv istifadəçini cəlb edəcəyi proqnozlaşdırılıb. Lakin son illərdə aparılan araşdırmalar və praktiki müşahidələr göstərib ki, Metaverse-in kütləvi qəbul olunması gözlənildiyi qədər sürətli olmayıb. Belə ki, bu sahəyə aid bəzi platformaların istifadəçi bazasının son dərəcə məhdud olduğu aşkar edilib. Məsələn, kapitalizasiyası milyard dollarlar dəyərində olan bəzi Metaverse startaplarının eyni anda cəmi yüzlərlə aktiv istifadəçisi olub ki, bu da texnologiyaya qoyulan investisiyaların effektivliyini sual altına alıb. Bu faktlar fonunda qlobal bazarda Metaverse-ə olan maraq nisbətən azalıb. Bununla belə, texnologiya şirkətləri, xüsusilə Meta (Facebook, Instagram və WhatsApp-ın sahibi olan şirkət), hələ də bu sahədə araşdırmalar aparıb və yeni həllər üzərində işləyib. Bu şirkətlər Metaverse texnologiyasının inkişafına milyard dollarlarla sərmayə yatırıb. Lakin indiyədək bu texnologiyanın geniş auditoriyalar ilə qəbul olunmasını təmin edəcək fundamental yeniliklər təqdim edilməyib. Azərbaycanda da Metaverse sahəsinə maraq göstərən startaplar mövcud olub. Məsələn, Keep Face startapı bu sahədə fəaliyyət göstərib və 38 milyon dollar dəyərində qiymətləndirilərək xarici investisiyalar cəlb edib. Bununla yanaşı, müəyyən dövlət və özəl qurumlar Metaverse daxilində tədbirlər keçirib. Lakin qlobal miqyasda bu sahəyə marağın azalması Azərbaycanda da aktivliyin zəifləməsinə səbəb olub".
Fərid Kazımovun sözlərinə görə, virtual reallıq (VR) və artırılmış reallıq (AR) texnologiyalarının ucuzlaşması və daha geniş istifadəçi kütləsinə əlçatan olması Metaverse-in yayılmasını sürətləndirə bilər:
"Bu baxımdan, gələcəkdə sosial və iqtisadi fəaliyyətlərin müəyyən hissəsinin virtual məkanda cərəyan etməsi mümkündür. Artıq bəzi Metaverse platformalarında virtual konsertlər təşkil edilib, reklam yerləri satılıb və rəqəmsal iqtisadiyyatın elementləri formalaşıb. Gələcəkdə Metaverse-in inkişaf dinamikası əsasən texnologiyanın yetkinləşməsi və kütləvi istifadəyə uyğunlaşması ilə müəyyən ediləcək. Hazırda hansı platformanın bu sahədə liderlik edəcəyi və Metaverse-in növbəti "Instagram” yoxsa "TikTok” olacağı məlum deyil. Bununla belə, texnologiyanın inkişafı nəticəsində virtual məkanın sosial və iqtisadi proseslərdə daha böyük rol oynayacağı ehtimal edilir".
Fatimə Abdulrəhimli