Azərbaycanda rus dilinin təsirinin azalması
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/5123953_4.jpg)
Tarix: 21:41 11.02.2025
Son illər ərzində Azərbaycanda rus dilinin təsiri getdikcə azalır. Keçmişdə geniş istifadə olunan rus dili indi müəyyən dairələrdə qalıb. Gənclər arasında rus dilinə maraq əvvəlki kimi deyil , ingilis dili daha çox öyrənilir.
Mövzu ilə bağlı Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin icraçı direktoru , tərcüməçi Aygün Əziz "informator.az" a açıqlamasında bildirib ki, sərhədlərin açılması, Avropaya inteqrasiya və s. kimi amillərin burada rolu böyükdür:
" Üstəlik elmi-texniki tərəqqinin dilinin ingiliscə olması da danılmaz faktdır. Bir parçası olduğumuz Sovet İttifaqının dağılması ilə rus dilinə olan tələbat sürətlə aşağı düşdü və 1990-lərın əvvəllərində artıq buna maraq kəskin şəkildə azalmağa başladı. Vətəndaşlarımızın ingilisdilli ölkələrə axışı artdı. Müharicət edən kim, təhsil dalınca əvvəllər bizim üçün xəyal olan ABŞ, Böyük Britaniya kimi dövlətlərə üz tutan kim… Bütün bunlar Azərbaycan ailələrində fikir dəyişikliklərinə, onların təhsil və elm dalınca ingilisdilli ölkələrə meyillənməsi üçün zəmin yaratdı. Dövr dəyişdikcə maraqlar və tələbat da dəyişir. Sovet dövründə rus dilini bilmək prestij sayılırdı. Sonrakı vaxtlarda ingilis dili onun yerini tutdu. Hazırda isə ingilis dilini orta statistik azərbaycanlı üçün adi hala çevrilib. Daha ingilis dilini bilməklə də insanlar arasında təəccüb yarada bilməzsən. Bu günlərdə Yapon, Çin və Koreya dillərini öyrənən və bu dillərdən tərcümə edən, bu dillərdə təhsil alan gənclərimizin sıraları genişlənir. Lakin ingilis dili dəbdən düşmür və düşməyəcək də. Texnologiya əsri olduğu üçün elm öyrənməyin açarı ingilis dilini mükəmməl bilməkdir. Çünki bu dildə saysız-hesabsız mənbələr, resurslar var. Düzdür, rus dili də çox geridə qalmır, amma o belə ingilis dilinə uduzur. Yəni gənclərimizin ingilis dilinə marağı və bu dilə yiyələnmək həvəsi sırf dövrün tələbi, onların ABŞ, Böyük Britaniya kimi dövlətlərdə təhsil alma istəyi ilə birbaşa bağlıdır və buna normal yanaşmaq lazımdır".
Müsahibimiz cəmiyyətin rus dilinə münasibəti haqqında da danışıb:
"Birbaşa demək olar ki: birmənalı deyil. Lakin burada müəyyən məqamları gözdən qaçırmaq olmaz. Sovet vaxtı rus bölmələrində oxuyan şagird və tələbələrin sayı indiki dövr ilə müqayisədə çox idi, elə indi də rusdilli təhsilə üstünlük verənlər var. Məsələ isə tamamilə başqadır. Dil bilmək nə qədər üstün məziyyət hesab olunsa da, bir azərbaycanlının evində, ailəsində, ətrafında olanlarla ünsiyyətini qeyri-Azərbaycan dilində qurmağı heç də xoşagələn hal deyil. Dil bilməklə öz ana dilini əcnəbi dilə qurban vermək arasında yerlə-göy qədər fərq var. Ancaq təəssüflə qeyd etməliyəm ki, ana dilinə xor baxan, bu dildə ünsiyyətə tənəzzül etməyən vətəndaşlarımız da var. Bax, bu artıq təlaş yaradan məqamdır. Bir çox iş yerlərində rus dilini bilmək tələb olunur və bu, nə qədər bacarıqlı, savadlı və istedadlı gənclərimizin qarşısına sədd çəkir. Bir çox valideynlər bu səbəbdən uşaqlarını rus dilində təhsil almağa yönləndirir və bununla sanki onun gələcəyini təmin etmiş olduğunu düşünür. Halbuki bu, yanlış düşüncədir. Belə hallar aradan qalxmalıdır".
Aygün Əzizin sözlərinə görə, yanlız Azərbaycan deyil, digər ölkələrdə də rus dilinin nüfuzunun azalmasına səbəbləri var:
"Biz nə qədər siyasətdən uzaq durmağa çalışsaq da, siyasət bizi hər addımda izləyir. Rus dilinin nüfuzu birinci olaraq sovet imperiyasının dağılması, ABŞ və Böyük Britaniya kimi nəhəng dövlətlərin daha yüksək səviyyəli və yeni metodlarla təhsil verə bilməsi və parlaq gələcək vəd ertməsi ilə aşağı düşdü. İkinci də, məlum siyasi gedişlər başqa ölkələrdə də tədricən bu dildən uzaqlaşmağa gətirib çıxardı. Məsələn, kiçik bir misal: Ukraynadan bir neçə virtual dostum var və onlarla əvvəllər normal şəkildə rus dilində ünsiyyət qururduq. Mən də bilirəm rus dilini, onlar da. Amma məlum hadisələrdən sonra onlar nəinki öz sosial şəbəkə səhifələrində, hətta mənimlə də arada yazışanda Ukrayna dilində, ya da ortaq anlayış dili kimi ingilis dilindən istifadə edirlər. Yəni, hər dövrün öz hökmü var və dövrlə, onun gətirdiyi yeniliklərlə ayaqlaşmamaq dalda qalmağımıza səbəb ola bilər".
Məryəm Zaliyeva