Misofoniya nədir və müalicəsi varmı?

Bölmə: Sosial › ,
Tarix: 22:06 13.02.2025

“Ümumiyyətlə, insan psixologiyası fərqlidir və xarakterə, müəyyən travmalara bağlı olaraq, genetik faktorların da əsasında misofoniya yarana bilir”.

 

Bu sözləri Ahəng PRİM rəhbəri, ailə-uşaq psixoloqu Vüsalə Əmiraslanova “İnformator.az”a açıqlamasında deyib.

 

O qeyd edib ki, misofoniyanın yaranma səbəbləri müxtəlifdir:

 

“Burada genetik faktorlar öz sözünü deyir. Ailədaxili münaqişələr və sairə də misofoniyaya səbəb olur. Bu həyəcan, təşviş pozuntusu kimi özünü göstərə bilir. Bəzən bu insanlar qıcıqlanır, adi bir səsə çox fərqli bir reaksiya verirlər, bu insanın ruh halı ilə bağlı bir durumdur. Ona görə də faktorlar içərisində genetik faktor, sonradan qazanılma, ətraf mühitin təsiri və yaxud stresin özü də buna səbəb ola bilir. Bununla da artıq insanlarda müəyyən səslərə qarşı emosional reaksiya göstərmə yaranır”.

 

Psixoloqun sözlərinə görə, bu müxtəlif yaş qruplarında müşahidə olunur:

 

“Aşağı yaş qruplarında, daha çox yeniyetməlik dövründə özünü göstərir. Əlbəttə misofoniyanın müalicəsi var, yəni, bunu daha çox biz çalışırıq ki, psixoterapiya yolu ilə, əgər çox ağır vəziyyətdə olursa, artıq burada daha çox psixiatrın yardımından da istifadə etmək məcburiyyətində qalırıq. Ona görə misofoniya ilə bağlı danışdıqda hərtərəfli müayinə aparmalıyıq, həm psixoterapevt, həm də psixiatrın müşahidəsi vacibdir”.

 

Nərmin Həşimova