Şagirdlərin yerdəyişməsi ilə bağlı vacib məlumatlar açıqlanıb

Tarix: 20:17 24.02.2025
Azərbaycanda 2024/2025-ci tədris ilinin ikinci yarımili üçün şagirdlərin yerdəyişmə prosesi ilə bağlı vacib məlumatlar açıqlanıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) İctimaiyyətlə Əlaqələr sektorunun aparıcı məsləhətçisi Azər Təymurlu "informator.az"a açıqlamasında bildirib ki, şagirdlərin yerdəyişmə prosesi 25 fevral saat 15:00-dan etibarən başlayacaq və I – X sinif şagirdlərini əhatə edəcək:
"Yerdəyişmə prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçiriləcək. Məlumatda qeyd olunub ki, XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Bununla yanaşı, IX siniflərin buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, onların yerdəyişməsi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək yenidən aktiv edilməyəcək".
Azər Təymurlu bildirib ki, valideynlər sy.edu.az platforması üzərindən övladlarını köçürmək istədikləri məktəblərdə boş yerləri izləyə və müvafiq sorğu yerləşdirə bilərlər:
"Əgər seçilmiş məktəbdə boş yer olmazsa, valideynlər övladlarını növbəyə yaza bilərlər. Növbədə gözləyən şagirdlər arasında bacı və ya qardaşı həmin məktəbdə təhsil alanlar, yaxud valideynlərindən biri həmin məktəbdə işləyənlər üstünlük hüququna malikdir və boş yer yarandıqda ilk növbədə onların sorğuları qəbul edilir".
Məlumatda həmçinin bildirilib ki, fərdi məlumatların təhlükəsizliyinin artırılması məqsədilə Azərbaycan vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici vətəndaşlar sy.edu.az saytında “Digital Login” vasitəsilə qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdırlar.
Sonda mütəxəssis əlavə edib ki, şagirdlərin yerdəyişməsi ilə bağlı sualları olan valideynlər və vətəndaşlar sy.edu.az platformasının əlaqə bölməsinə, ASAN xidmət mərkəzlərindəki “Təhsil” pəncərəsinə, MÜTDA-nın 146-2 çağrı mərkəzinə, həmçinin Regional Təhsil İdarələrinə müraciət edə bilərlər.
Nərgiz Orucova