Kafein istehlakı sümük sağlamlığına təhlükə yarada bilər

Tarix: 20:39 24.02.2025
Sümük sağlamlığı insan orqanizminin ümumi sağlamlığı üçün böyük əhəmiyyət daşıyır. Müxtəlif qida maddələri sümüklərin güclü qalmasına kömək edir. Lakin, D vitamini və digər qida əlavələrinin nəzarətsiz istifadəsi, eləcə də həddindən artıq kafein istehlakı sümük sağlamlığına mənfi təsir göstərə bilər.
Ortopediya və travmatologiya mütəxəssisi Dr. Mustafa Vezirhüyük sümük əriməsi və sümük sağlamlığı üçün vacib olan qidalar barədə açıqlama verib. O bildirib ki, insanın sümük toxuması 30 yaşına qədər yenilənir və bu dövrdə sümüklər öz maksimal gücünə çatır. Lakin 40 yaşdan etibarən sümük kütləsi tədricən azalır. Xüsusilə, menopauzadan sonra qadınlarda östrojen səviyyəsinin düşməsi sümük itkisini sürətləndirir və osteoporoza (sümük əriməsi) səbəb olur. Bu prosesin ilk 5-10 ilində qadınlar sümük kütlələrinin təxminən üçdə birini itirə bilərlər. Sümüklərin zəifləməsi isə kiçik zədələnmələr nəticəsində belə qırıqlara yol aça bilər. Ən çox qırılmalar bud, bilək və bel fəqərələrində müşahidə olunur.
Dr. Vezirhüyük qeyd edib ki, osteoporoz olan insanlarda boy qısalması müşahidə oluna bilər:
"Xüsusilə menopauzadan sonra sümük kütləsində ciddi azalmalar baş verdiyi üçün osteoporozlu insanların bədən quruluşu dəyişir, boyları qısalır. Bundan əlavə, onurğa sütununun zədələnməsi çiyinlərin yuvarlaq formaya düşməsi ilə nəticələnə bilər. Qadınların osteoporoza tutulma riski kişilərə nisbətən daha yüksəkdir. Bunun əsas səbəbi isə qadınların sümük kütləsinin kişilərə nisbətən 20-30% daha az olmasıdır. Hər iki cinsiyyətdə yaş artdıqca sümük itkisi artır və bud-çanaq qırıqları riski yüksəlir".
"Osteoporoz və müvəqqəti osteoporoz arasındakı fərqlər"
Mütəxəssis osteoporoz və müvəqqəti osteoporozun fərqlərindən də danışıb. Onun sözlərinə görə, müvəqqəti osteoporoz əsasən sümük iliyində ödemin yaranması ilə başlayır. Bu, müvəqqəti bir haldır və zaman keçdikcə öz-özünə yox olur. Daha çox bud-çanaq sümüyündə rast gəlinən bu problem zamanı xəstəyə ayağını yükləməməsi tövsiyə edilir. Müalicə prosesində iltihab əleyhinə dərmanlar istifadə olunur və ödemin azalması gözlənilir. Bir müddət sonra isə problem tamamilə aradan qalxır.
Mehriban Nəsibova
A Haber