Qarlı havanın təhsilə təsiri: "Hibrit dərslər çaşqınlıq yaradıb"-Ekspert RƏYİ

Tarix: 20:24 24.02.2025
Qarlı və şaxtalı hava şəraitinin yaratdığı çətinliklər səbəbindən bir çox ali təhsil müəssisəsində dərslərin hibrit formada keçirilməsi nəzərdə tutulub. Lakin bu prosesin vahid qaydada tənzimlənməməsi tələbələr və müəllimlər arasında çaşqınlıq yaradıb. Bəzi universitet və kolleclərdə dərslərin hibrit rejimə keçirilməsi son anda elan edilib ki, bu da tələbələrin tədris planına uyğun hazırlıq görməsini çətinləşdirib. Hətta bəzi dərslərin ixtisar olunması və ya təxirə salınması halları müşahidə olunub ki, bu da təhsilin keyfiyyətinə təsir göstərə bilər.
Eyni zamanda, mövcud vəziyyətə baxmayaraq, məktəbəqədər və orta təhsil müəssisələrində dərslərin əyani qaydada davam etdirilməsi diqqətçəkən məqamlardan biridir.
Mövzu ilə bağlı elm və təhsil eksperti Cahid İmanlı "İnformator.az"a bildirib ki, universitet və kolleclərin müəyyən müstəqilliyi olduğu üçün onlar adekvat qərar qəbul edə bilirlər:
”Bəzi universitetlərdə distant təhsilə keçilməsi və ya dərslərin ixtisar edilməsi müsbət haldır. Görünən odur ki, həmin universitetlər üçün tələbə və müəllimlərinin sağlamlığı priorit məsələdir. Bağçalarda-məktəbəhazırlıq müəssisələrində təhsilin davam etdirilməsini də başa düşmək olar. Belə ki, bu müəssisələrdə təhsil icbari deyil və işləyən valideyinlər uşaqlarını bağçaya qoymağa məcburdur. Amma ümumtəhsil məktəblərində vəziyyət tam başqa cürdür. Bildiyimiz kimi ən çox təhsilalan məhz orta məktəblərdədir. Qarlı-şaxtalı havalarda xüsusən şəhər və şəhər ətrafı qəsəbələrdə nəqliyyatda problemlərə görə şagird və müəllimlərin vaxtında dərsə gəlməsi mümkün olmur".
Ekspert əlavə edib ki, şəhər marşrutlarında gecikmələr, bəzən ümumiyyətlə marşrut xəttinin işləməməsi, şəxsi nəqliyyatdan istifadənin mümkün olmaması, taksilərin belə tapılmaması hamıya bəlli olan hallardır:
"Məktəblilərin heç də hamısı öz yaşadığı yerə yaxın ərazidə məktəbə getmirlər. Həmçinin sinifdə kifayət qədər şagirdin olmaması və müəllimlərin də tam şəkildə və vaxtında işə gəlməməsi dərsin keyfiyyətini pozur. Buna görə də belə hallarda məhz ilk qərarı Elm və Təhsil Nazirliyi verməli və ilk növbədə də ümumtəhsil məktəbləri ilə bağlı olmalıdır”.
Səma İsmayılova