Öz-özünə danışma və daxili dialoq

Bölmə: Sosial › ,
Tarix: 22:08 13.02.2025

Öz-özünə danışmaq və daxili dialoq insanın psixoloji və emosional vəziyyətinə mühüm təsir göstərir. Müsbət daxili dialoq motivasiyanı artırır, özgüvəni yüksəldir və streslə mübarizəyə kömək edir. Mənfi daxili dialoq isə narahatlıq, depressiya və özünütənqidə səbəb ola bilər. Daxili dialoq düşüncələri təşkil etməyə, qərarlar qəbul etməyə və problemləri həll etməyə dəstək verir. Bu proses insanın duyğularını idarə etməsinə və özünü daha yaxşı tanımasına kömək edir. Sağlam daxili dialoq emosional tarazlığı qorumaq üçün vacibdir.

 

Mövzu ilə bağlı psixoloq Fidan Hüseynova "informator.az"a açıqlamasında bildirib ki, daxili dialoq daha çox özünü analiz edən, özünü başa düşməyə çalışan və özündə yenilikləri kəşf edən insanlara məxsusdur:

 

" Öz-özünə danışmaq həm psixoloji məqamdır, həm də özünü analiz edən, təftiş edən, yenidən qiymətləndirən, yenidən tanımaq istəyən insanlara daha çox məxsusdur. Mənfi daxili dialoqu idarə etmək və daha müsbət düşüncə tərzi formalaşdırmaq üçün insanlarla çox ünsiyyətdə olmaq, cəmiyyət içərisində vaxt keçirmək, dialoq qurmaq lazımdır. Daxili dialoq ümumiyyətlə insanın emosinal vəziyyətinə çox yaxşı təsir edir. Çünki daxili dialoq insanın düşünməsinə, özünü analiz etməsinə, emosinal bağlarının yaxşılaşmasına təsir göstərir. Öz-özünə danışmaqla daxili dialoq arasındakı fərq ondadır ki, öz -özünə danışmaq daha çox psixoloji problemdir. Amma daxili dialoq insanın ən çox özünü analiz etməsinə, insayta gətirib çıxarır. İnsayt insanın özü özünün araşdırmasına və yenidən kəşf etməsinə deyilir".

 

Nigar Həsənzadə