Qəzzada daha üç uşaq soyuqdan həyatını itirdi

Bölmə: Dünya › ,
Tarix: 20:09 25.02.2025

Qəzzada fəaliyyət göstərən həkimlərin məlumatına görə, İsrailin çadır və mobil evlərin bölgəyə daxil olmasına imkan verməməsi səbəbindən daha üç uşaq şiddətli soyuqdan vəfat edib. Bölgədə hökm sürən sərt hava şəraiti səbəbindən bir çox uşağın vəziyyətinin ağır olduğu bildirilib.

 

İsrailin 15 aydan artıq davam edən hücumlarının ardından əldə olunan atəşkəsə baxmayaraq, humanitar yardımların məhdudlaşdırılması Qəzzada sığınacaq və isinmə problemlərini daha da dərinləşdirib.
Həkimlər bildiriblər ki, bölgədə havaların kəskin soyuması nəticəsində çox sayda uşağın sağlamlıq durumu kritik həddə çatıb.
Son hadisələrlə birlikdə, soyuq səbəbindən həyatını itirən uşaqların sayı 10-a yüksəlib.

İsrailin 15 aydan uzun müddətdir Qəzzaya davam edən hücumları nəticəsində 61 mindən çox fələstinli həyatını itirib, onlardan 14 mini dağıntılar altında qalıb, 2 milyon insan isə evsiz qalıb.

Xəstəxanalar, yaşayış evləri və didərgin düşən fələstinlilərin sığındığı məktəblər hədəfə alınaraq bombalanıb. Nəticədə Qəzza bölgəsinin infrastrukturunun 88%-i dağıdılıb.

İsrailin uzun müddət ərzində humanitar yardımlara maneə yaratması səbəbilə bölgə əhalisi qida, təmiz su, sığınacaq və isinmə vasitələri kimi həyati ehtiyaclarını qarşılamaqda ciddi problemlərlə üzləşir.

 

Mənbə: NTV HABER
Elnurə Kərimova